
Kubanın Səhiyyə Nazirliyi ağcaqanad sancmaları ilə yayılan arboviruslardan 33 nəfərin öldüyünü bildirib.
“Report”un rəsmi “Granma” qəzetinə istinadən məlumatına görə, ölkədə çətin epidemioloji vəziyyət qalmaqdadır və “denge” və “çikunqunya” qızdırmaları daha çox yayılıb. Səhiyyə nazirinin müavini Karilda Pena Qarsianın sözlərinə görə, “denge”dən 12 nəfər (onlardan yeddisi 18 yaşdan kiçikdir), “çikunqunya”dan isə 21 nəfər (onlardan 14-ü uşaq) ölüb.
Ölkə üzrə yoluxma hallarının ümumi azalmasına baxmayaraq, bəzi ərazilərdə epidemioloji vəziyyətin pisləşdiyi bildirilir. Pena Qarsianın sözlərinə görə, son bir həftə ərzində Kubada “çikunqunya” qızdırmasına yeni 5 717 halı qeydə alınıb. Ümumi yoluxma hallarının sayı 38 938-ə çatıb ki, bunlardan 1 260-ı testlərlə təsdiqlənib. Yüksək hərarət, iltihab, oynaq ağrısı ilə müşayiət olunan və ağırlaşmalara səbəb ola bilən bu xəstəliyin spesifik müalicəsi yoxdur. Denge qızdırması ölkənin bütün əyalətlərində yayılıb.
Noyabrın ortalarında Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, səhiyyə orqanları COVID-19 pandemiyası zamanı istifadə edilən yanaşmaları tətbiq edərək epidemioloji vəziyyəti sabitləşdirmək üçün işlərini davam etdirir. O qeyd edib ki, kubalı alimlər və müxtəlif sahələrdəki mütəxəssislər təcili qərarlar hazırlamaq üçün mövcud məlumatları təhlil edirlər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


