
Bakı. Trend:
1 oktyabr 2022-ci ildən etibarən kommersiya təchizatlarının
başlanmasından etibarən 2025-ci ilin oktyabr ayının sonuna qədər
Yunanıstan–Bolqarıstan (IGB) interkonnektoru vasitəsilə nəql edilən
ümumi qaz həcmi Yunanıstandan Bolqarıstana 39 854 049 MVt/s,
virtual olaraq əks istiqamətdə isə Yunanıstana 1 919 228 MVt/s
təşkil edib.
Bu barədə Trend-ə
boru kəmərinin operatoru olan ICGB AD şirkətindən məlumat
verilib.
“Interkonnektor Bolqarıstana müxtəlif mənbələrdən təbii qaz
tədarükü üçün ilk marşrut kimi özünü təsdiqləyib və ölkənin daxili
istehlakının 50%-dən çoxunu təmin edir. Boru kəməri regional
səviyyədə, Cənubdan Şimala miqyaslı iki tərəfli qaz axınlarını
dəstəkləməyi və eyni zamanda region ölkələri üçün mayeləşdirilmiş
təbii qaz (MTQ) və digər müxtəlif mənbələrə çıxışı genişləndirməyi
hədəfləyən Şaquli Qaz Dəhlizi təşəbbüsünün mərkəzi elementi kimi
əhəmiyyətli rol oynayır. Nəql sisteminin müstəqil operatoru ICGB
“Route 2” və “Route 3”ün işə salınması və həyata keçirilməsi üçün
tərəfdaşlarla fəal əməkdaşlığı davam etdirir ki, bu da regional
enerji təhlükəsizliyini daha da gücləndirəcək və Moldova və Ukrayna
kimi bazarlara qaz tədarükü üçün yeni imkanlar açacaq. Yeni güclər
regionda enerji təhlükəsizliyinin dəyişən dinamikasına uyğun çevik
bazar həllini təmsil edir”, – deyə şirkət bildirib.
ICGB-nin icraçı direktoru Teodora Georgieva vurğulayıb ki, son
aylardakı nəticələr IGB layihəsinin arxasında duran tərəfdaşlıq
əlaqələrinin gücünü əks etdirir.
“Azərbaycanla uzunmüddətli əməkdaşlığımız və Azərbaycan qazının
uzunmüddətli tədarük müqaviləsi ilə təmin olunan sabitlik
Bolqarıstan və bütün region üçün fundamental əhəmiyyət kəsb etməyə
davam edir. Eyni zamanda, Şaquli Qaz Dəhlizi və IGB marşrutu ABŞ
MTQ-i daxil olmaqla tədarüklərin şaxələndirilməsi, yeni imkanlar
açır ki, bu da regional bazarların dayanıqlığını əlavə olaraq
artırır”, – deyə o əlavə edib.
Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi
(DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini
(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat
sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində
birləşdirilib.
Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32
düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın
Yunanıstan–Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar
marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı
olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.


