Orta Dəhlizin rolu güclənir: Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı

Baş səhifə

Bakı. Trend:

25 noyabr tarixində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun
Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının
iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə ADY məlumat
yayıb.

Bildirilib ki, Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda
Assosiasiya üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və
Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak
edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov
məlumat verib ki, mənzil-qərargahı Bakıda yerləşən “Avrasiya
Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qeydiyyatı ilə
bağlı hüquqi proses başa çatıb və Assosiasiya Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun şəkildə uğurla qeydiyyatdan
keçib.

ADY sədri Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda
artımın müşahidə edildiyi bir vaxtda marşrutların
şaxələndirilməsinə ehtiyac yarandığını bildirib və bu məqsədlə
Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsinin
əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya
Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan,
Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq
bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan,
Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara
başlanılıb.

Bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası
da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu
Marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla
Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.




ADY sədri Orta Dəhlizin cənub qanadının inkişafının Azərbaycana
Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü olmağa və ölkə
ərazisindən tranzit həcmlərini artırmağa şərait yaradacağını, eyni
zamanda, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm
infrastrukturdan maksimum istifadə olunacağını, Zəngəzur dəhlizinin
isə bu imkanları daha da genişləndirəcəyini deyib.

Tədbirdə Assosiasiyanın fəaliyyətə başlaması üzrə zəruri
tədbirlər müzakirə edilib. Müzakirələrdən sonra gündəlikdə dayanan
məsələlər – Assosiasiyanın korporativ strukturunun, Katibliyinin və
işçi orqanlarının strukturu, Assosiasiyanın fəaliyyətinin təşkilinə
dair planlaşdırılan tədbirlər və digər məsələlər təsdiqlənib.

Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üzrə komitə və
dispetçerləşdirmə, infrastrukturun inkişafı, kommersiya,
rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə
xüsusi işçi qruplarının əsasnamələrinin və 2026-cı il üçün ətraflı
marketinq planı layihələrinin hazırlanması, razılaşdırılmış
layihələrin növbəti ümumi yığıncağın müzakirəsinə təqdim edilməsi
qərara alınıb.

Müəyyən edilib ki, Beynəlxalq Assosiasiyanın fəaliyyətinin
təşkili üzrə bir sıra tədbirlər həyata keçirilməli, o cümlədən
Avrasiya Nəqliyyat Marşrutu üzrə intermodal daşımalarda mövcud
vəziyyət təhlil edilməli, Marşrutun diaqnostikasının aparılması
məqsədilə darboğazlar aşkar edilməli və aradan qaldırılmalı,
daşımaların idarə olunması üçün İT həllər və rəqəmsal platformalar
tətbiq olunmalı, Avrasiya Nəqliyyat Marşrutu üzrə məhdudiyyətlərin
və darboğazların aradan qaldırılması üçün plan-qrafik, resurslar və
prioritetlər müəyyənləşdirilməli, marşrutun inkişafı təmin
edilməlidir.

Bundan başqa, Assosiasiya ilə Avrasiya regionunun maraqlı
tərəfləri (o cümlədən Mərkəzi Avropa ölkələri, Çin, Pakistan) və
beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması,
Marşrutun Avrasiya intermodal nəqliyyat xidmətləri bazarında
tanıdılması və mövqelərinin möhkəmləndirilməsi məqsədilə onun
təşviqi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi
vurğulanıb.

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan
Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və
Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat
Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın
yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş
logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid
texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata
keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas
operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta
Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili
üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə
çevirir. Bu, şirkətə tarif siyasətinin formalaşdırılmasına,
logistika prosedurlarının standartlaşdırılmasına və daşımaların
koordinasiyası üçün rəqəmsal platformaların inkişafına təsir
göstərmək imkanı verir, həmçinin dəmir yolu layihələrinə beynəlxalq
sərmayələr cəlb etməyə şərait yaradır.