Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni
“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın
imzalanması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib
Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev,
BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və
Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin,
BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev iştirak
edib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, dövlətimizin
başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
sosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizdə əmək
bazarının modernləşməsi, sosial müdafiə sisteminin gücləndirilməsi
və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm nəticələr
əldə olunmuşdur. “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə
Proqramı” da bu siyasətin məntiqi davamı olaraq, qarşıdakı illərdə
sosial tərəfdaşlığın inkişafına, işçilərin rifahının
yaxşılaşdırılmasına və əmək bazarının dayanıqlığına xidmət
edəcəkdir.




AHİK sədri qeyd edib ki, proqram vasitəsilə həmkarlar
ittifaqları əmək hüquqlarının müdafiəsini, təhlükəsiz və layiqli
əmək şəraitinin yaradılmasını, gender bərabərliyi və gənclərin
məşğulluğunun dəstəklənməsini gücləndirməyi hədəfləyir. AHİK
sözügedən istiqamətlərdə fəaliyyətini bu proqram vasitəsilə daha da
təkmilləşdirmək və əmək münasibətlərinin inkişafına real töhfə
vermək niyyətindədir.

Sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail
Puşkin “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”
imzalayıblar. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun
artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində
beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə
səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə
sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan
əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın davam
etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artırmağı
nəzərdə tutur.