
Bakı.Trend:
Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı
ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şəhər Günü çərçivəsində tamaşa nümayişi,
sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert
proqramı və atəşfəşanlıq təşkil olunacaq.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr
sayəsində 2020-ci ilin 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan
azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı
ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

