Bakıda “Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu” adlı panel baş tutub

Baş səhifə

Bakıda təşkil olunan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda “Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu” adlı panel baş tutub.

“Report” xəbər verir ki, paneldə çıxış edən Qazaxıstanın “Səninlə Gələcək” Respubilka İctimai Birliyinin sədri Zhansayo İsmagulova deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ilk Əməkdaşlıq və Həmrəylik Forumu koordinasiya səviyyəsini keyfiyyətcə artırmaq üçün yeni imkanlar açır:

“Bu platforma bizə ictimai təşəbbüslərə dair yanaşmalarımızı uzlaşdırmağa, kommunikasiya mexanizmlərini gücləndirməyə, analitik və metodoloji təcrübə mübadiləsi aparmağa, insan kapitalının və regionların sosial dayanıqlığının möhkəmlənməsinə xidmət edəcək birgə proqramlar formalaşdırmağa imkan verəcək”.

Qazaxıstanın “Community Hub” İctimai Fondunun direktoru Assiya Tikeyeva də çıxışında türk ölkələrinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının inkişafından danışıb:

“Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi xüsusilə vacibdir, çünki onları ortaq dəyərlər, köklər və dillər birləşdirir. Türk dünyasının qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əməkdaşlıq təcrübə mübadiləsinə və daha əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verəcək”.

Qazaxıstanın “İkinci Respublika” ictimai fondunun rəhbəri Ayan Turekulov Vətəndaş sektorunda mədəni irsin qorunması üzrə təcrübə mübadiləsinə dair açıq akademiyanın yaradılmasının vacib olduğunu vurğulayıb:

“Qazaxıstan və Azərbaycan inkişaf etməkdə olan ortaq güclər kimi dünya siyasətində qəbul olunma prosesinə işarə edir və beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır. Biz multilateralizmi, çoxtərəfli əməkdaşlığı, əməkdaşlıq mədəniyyətini və qlobal münaqişələrin dinc yolla həllini dəstəkləyirik. Bu gün fəal qarşılıqlı əlaqə sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və strateji məkan kimi çıxış edir.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıqlara diqqət çəkərək iki ölkənin Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərə biləcəyini deyib.

“Bu gün müxtəlif ixtisaslı sahələr üzrə ölkələr işlər görə bilər.

Bu gün Xəzər dənizi ilə bağlı problemlər var. Düşünürəm ki, hər iki ölkənin QHT -ləri Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərə bilər”.

“İctimaiyyatlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova Türk dünyasının birlikdə yeni layihələrə imza atmalarının önəmli olduğunu qeyd edib:

“Dünyada 300 milyondan artıq türk yaşayır. Bu da o deməkdir ki, biz bir-birimizə bağlıyıq. Tarix bizi birləşdirir, zaman və məkan isə ortaq dəyərlərimizi gücləndirir. Sevinclərimiz də, kədərimiz də ortaqdır. Türk sivilizasiyasının kökləri bizi birləşdirir və milli maraqlara uyğun şəkildə Türk dünyasının inteqrasiyasında yeni layihələr öz mühüm rolunu oynayır”.

Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbəy Heydər qeyd edib ki, bu forumda müzakirə edilən məsələlər TDT ölkələrinə üzv ölkələrin QHT-ləri üçün yol xəritəsi olacaq.

MƏLUMAT YENİLƏNİR

Gülər Seymurqızı

Sevil Seymur