Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Baş səhifə

Bakı. Trend:

Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və
ödəniş ekosistemi olan Bir, Böyük Britaniyada yerləşən qlobal
ödəniş platforması “Paysend” ilə tərəfdaşlıq çərçivəsində
Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani)
beynəlxalq pul köçürmələrini istifadəyə verib.

Tərəfdaşlıq Bir-in elektron pulqabı tətbiqi m10
vasitəsilə həyata keçirilir və istifadəçilərə 140-dan çox ölkəyə
birbaşa mobil telefonları üzərindən pul göndərmək imkanı
yaradır.

Bu təşəbbüs Bir-in sərhədlərarası ani ödəniş imkanlarını
genişləndirərək beynəlxalq köçürmələri daha sürətli, şəffaf və
rahat edir. Xidmət xüsusilə ölkədən kənarda yaşayan ailələrə pul
göndərmək, xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı
maliyyə əməliyyatlarını asanlaşdırmaq istəyən istifadəçilər üçün
yeni imkanlar açır.

Xidmətin istifadəyə verilməsi Qafqazın əhalisinə görə ən böyük
ölkəsi olan Azərbaycanın rəqəmsal xidmətlərə artan tələbi fonunda
baş verir. İstehlakçılar getdikcə daha çox rəqəmsal ödənişlərə və
e-ticarət həllərinə üstünlük verirlər.

Bir-in Ödənişlər Biznesi üzrə rəhbəri Cəlal Orucov
bildirib:

“Azərbaycandakı istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm
xidmət sahəsidir. “Paysend” ilə əməkdaşlıq çərçivəsində Bir-in
sərhədlərarası ödəniş imkanlarını genişləndirərək, yerli
əməliyyatların sürətini və sadəliyini beynəlxalq ödənişlərə
daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi
mövqeyini gücləndirir və Azərbaycanın rəqəmsal transformasiyasına
töhfə verir, ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu
daha da möhkəmləndirir. Daha sürətli, təhlükəsiz və inklüziv
maliyyə əlaqələri daha inteqrasiya olunmuş regional rəqəmsal
iqtisadiyyatın formalaşmasına xidmət edir”.

“Paysend”-in korporativ biznes rəhbəri Danny May isə
qeyd edib:

“Müasir, bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün
bizneslərin etibarlı, çevik və qlobal ödəniş infrastrukturuna
çıxışı vacibdir. Biz Bir ilə tərəfdaşlıqdan məmnunuq və 140-dan çox
ölkə üzrə beynəlxalq ödəniş imkanlarının genişlənməsinə dəstək
veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul
köçürmələrini təmin edərək qlobal maliyyə əlaqələrini
gücləndiririk”.

Bir və “Paysend” tərəfdaşlığı istifadəçilərə sərhədlərarası pul
köçürmələrini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan
verir. Bir ekosistemi hazırda Azərbaycanda 5 milyondan çox
istifadəçiyə xidmət göstərir və ölkədə rəqəmsal maliyyə
xidmətlərinin inkişafına töhfə verir. m10 vasitəsilə ani beynəlxalq
köçürmələrin istifadəyə verilməsi Bir ekosistemində aktivliyin daha
da artmasına, həmçinin Birbank vasitəsilə gündəlik bank xidmətləri
və Birmarket üzərindən onlayn alış-veriş kimi tamamlayıcı
xidmətlərin istifadəsinin genişlənməsinə töhfə verəcəyi
gözlənilir.




Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik
xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk
tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı
brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket
e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal
pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan
ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş
infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla
qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və
ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

“Paysend” haqqında

“Paysend” dünyanın ən böyük sərhədlərarası rəqəmsal şəbəkəsini
qurmaq məqsədi daşıyan maliyyə texnologiyaları şirkətidir. Şirkət
fərdi və korporativ müştərilər üçün sərhədlərarası pul
köçürmələrini istənilən yerdə, istənilən valyutada və istənilən
üsulla daha sürətli, daha ucuz və daha əlçatan etməyə
fokuslanır.

2017-ci ildə kartdan-karta köçürmələrin tətbiqi ilə əsası
qoyulan “Paysend”, bu gün ənənəvi pul köçürmələrindən daha geniş
imkanlar təqdim edən kompleks maliyyə həlləri təklif edir.

Qlobal fəaliyyət şəbəkəsinə malik, London, Belqrad, Dublin və
Mayami şəhərlərində ofisləri yerləşən şirkət 170-dən çox ölkədə 11
milyondan artıq müştəriyə xidmət göstərir. Şirkət sərhədlərarası
ödənişləri daha sadə və əlçatan etmək üçün 25 milyarddan çox ödəniş
nöqtəsinə çıxış imkanı yaradır.

Ətraflı məlumat üçün: paysend.com