Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və
Gəncə şəhərlərinin, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarının
inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları
aşkar olunub.
Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Pirallahı rayonu,
Gürgən qəsəbəsində, Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti 430
ünvanında, Kürdəmir rayonu Köhünlü kəndi ərazisində,
Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı rayonu ərazisindən
keçən hissəsində və İsmayıllı rayonu Qubaxəlilli kəndi yaxınlığında
ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 380 manat
məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

