
Bakı. Trend:
ADA Universitetində 2025–2026-cı tədris ili üzrə Məzun Günü
təntənəli şəkildə qeyd olunub. Universitetin kampusunda təşkil
olunan tədbirdə məzunların valideynləri, professor-müəllim heyəti,
həmçinin digər qonaqlar iştirak ediblər.
Bu barədə ADA Universitetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir ADA Universitetinin beynəlmiləl mühitini
əks etdirən ənənəvi bayraq keçidi ilə başlayıb. Əcnəbi tələbələr
təmsil etdikləri ölkələrin bayraqları ilə səhnəyə çıxdıqdan sonra
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin tələbələri Ayxan Məmmədov və Əminə Rəhmanovanın
aparıcılıq etdiyi mərasim rəsmi çıxışlarla davam edib.
Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə
prorektoru Elkin Nurməmmədov tələbələrin təhsil illəri ərzində
qazandıqları yüksək nailiyyətləri diqqətə çatdırıb və onlara
gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Universitetin 20 illik
fəaliyyəti ərzində əsas missiyalarından birinin parlaq gəncləri
ölkəyə qazandırmaq və onları Azərbaycanda saxlamaq olduğunu
bildirən prorektor məzunlara səslənib: “Öz tarixinizi özünüz
yazın.” Müəllim və alimlərin eyni ali həqiqətlərin və dəyərlərin
daşıyıcısı olduğunu vurğulayan E.Nurməmmədov təhsillərini xaricdə
davam etdirəcək gənclərə dəyərli tövsiyələr verib. O, məzunları
qazandıqları bilik və təcrübə ilə daim dövlətimizin tərəqqisinə,
eləcə də gələcək nəsillərin inkişafına töhfə verməyə çağırıb.
Məzun gününün xüsusi qonağı, Azərbaycan Respublikasının Xalq
artisti, görkəmli aktyor Nurəddin Mehdixanlı səhnəyə çıxaraq
məzunları təbrik edib və istedadlı gənclərlə fəxr etdiyini
bildirib. O, gənclərə ölkəmizin inkişafı naminə hər zaman elmi və
milli dəyərlərə sadiq qalmağı, haradan məzun olduqlarını
unutmamağı, öz milli kimliyimizi və tariximizi dərindən bilməyin
vacibliyini tövsiyə edib. Azərbaycanın müstəqil və ərazi
bütövlüyünü tam təmin etmiş güclü bir dövlət olduğunu vurğulayan
sənətkar qeyd edib ki, gənclərimiz dünyaya silahla deyil, məhz
mədəniyyət, təhsil və texnologiya ilə meydan oxumalıdırlar. Sonda
Nurəddin Mehdixanlı məzunların gələcəkdə dünyanın hər yerində kök
salacaq nəhəng çinar ağaclarına çevriləcəklərinə əminliyini ifadə
edib.
Tədbirdə təhsil müddətində yüksək akademik göstəriciləri ilə
fərqlənən iki məzun tələbə heyəti adından ürək sözlərini
bölüşüblər. Hüquqşünaslıq ixtisası üzrə bakalavr məzunu Rəvan Həsən
və Təhsil Menecmenti ixtisası üzrə magistr məzunu Aydan Novruzova
çıxışlarında ADA Universitetindəki tələbəlik həyatında qazandıqları
zəngin təcrübədən bəhs ediblər.
Tədbirin yekununda çıxış edən ADA Universitetinin rektoru, səfir
Hafiz Paşayev məzunları və onların ailələrini təbrik edib. Ailə
dəyərlərinin önəmini vurğulayan rektor hər bir tələbəyə öz övladı
kimi yanaşdığını bildirib, ADA-nın yüksək tələbləri olan təhsil
sisteminə baxmayaraq, gənclərin nümayiş etdirdiyi əzmkarlığa görə
minnətdarlığını ifadə edib. Universitetin 20 illik zəngin
təcrübəsinə toxunan rektor, artıq ADA məzunlarının da Universitetdə
müəllim kimi fəaliyyət göstərməsini fəxrlə diqqətə çatdırıb. Elm və
təhsillə yanaşı, əsl vətəndaşlıq ruhunun aşılanmasının daha vacib
bir missiya olduğunu və Ümummilli Lider Heydər Əliyevin bu sahədə
ən böyük örnək olduğunu qeyd edən Hafiz Paşayev, gəncləri qlobal
biliklərə yiyələnməklə bərabər, milli-mənəvi dəyərləri qorumağa və
Azərbaycanın adını dünyada hər zaman qürurla ucaltmağa çağırıb.
Ümumilikdə, 2025–2026-cı tədris ilində ADA Universitetindən 26
ixtisas üzrə 583 bakalavr və 245 magistr olmaqla, cəmi 828 tələbə
məzun olub. Yüksək ixtisaslı kadr kimi yetişən bu gənclərin 785-i
yerli, 16 ölkəni təmsil edən 43-ü isə əcnəbi tələbələrdir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Kənd təsərrüfatı və qida
sistemlərinin menecmenti, İnsan resursları menecmenti və Elektrik
və elektronika ixtisaslarından məzunlar olub.
Tədbir məzunların ənənəvi papaqatma mərasimi ilə başa çatıb.

