Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir

Baş səhifə

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər
planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri
davam edir. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin
xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra
yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə
tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər
yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi
olaraq rayonlarda qarlı havalara hazirlıq tədbirlərin keçirilməsini
təmin edir, verilən tapşırıqların və görülən işlərin icra
vəziyyətini yoxlayıblar.

Bu işlər çərçivəsində paytaxtın Binəqədi, Yasamal və
Nərimanov
rayonlarında qışın qarlı havalarına hazırlıq
tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin
məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və
təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti
qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin
iştiraki ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir
sahənin rəhbərinin hesabatı dinlənilib.




Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında
üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək
problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır və
yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyyatı
yaradılmalıdır. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq
tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və
yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi
üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə
kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə
və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara
alınıb.

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə
bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.
Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların
rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa
ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin
təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.