Bakı. Trend:
Venesuelada yeni, azad və ədalətli seçkilərin keçirilməsi üçün
zəruri şərait yaradılmalıdır.
Trend-in
məlumatına görə, bu fikri ABŞ Dövlət katibi Marko Rubio
Nümayəndələr Palatasının Büdcə Təxsisləri Komitəsində keçirilən
dinləmələr zamanı səsləndirib.
“Venesuelanın ehtiyacı olan şey azad və ədalətli demokratik
seçkilərdir”, – deyə Rubio bildirib. Onun sözlərinə görə, bu,
ölkənin xarici investisiyalar cəlb etməsi və iqtisadi inkişafı
baxımından da mühüm əhəmiyyət daşıyır.
Dövlət katibi qeyd edib ki, seçkilərin keçirilməsi üçün azad və
müstəqil medianın fəaliyyəti təmin olunmalı, siyasi partiyalara
hazırlıq üçün kifayət qədər vaxt və imkan verilməli, həmçinin yeni
seçki şurası formalaşdırılmalıdır.
Rubio əlavə edib ki, Karakasdakı müvəqqəti hakimiyyət orqanları
ilə əməkdaşlıq üçün bir sıra istiqamətlər mövcuddur. Onun sözlərinə
görə, bu əməkdaşlığın bəzi detalları ictimaiyyətə açıqlanmasa da,
proses müsbət istiqamətdə davam edir.

