Bakı. Trend:
Fransa ilk dəfə olaraq nüvə başlığı ilə təchiz olunan
təkmilləşdirilmiş ASMPA‑R havadan buraxılan qanadlı raketini
nümayiş etdirib.
Trend xəbər verir
ki, raketin sınaqları ölkənin dəniz nüvə aviasiyası tərəfindən
həyata keçirilib.
“Rafale M” qırıcı təyyarəsi “Dimede” əməliyyatı çərçivəsində
döyüş başlığı daşımayan raketin sınaq buraxılışını yerinə yetirib.
Fransa Silahlı Qüvvələri Nazirliyi raketin təyyarənin gövdəsinin
altına inteqrasiya olunduğunu göstərən fotoşəkillər yayıb.
Nazirlik bildirib ki, ASMPA‑R rəsmi olaraq 10 noyabr tarixindən
etibarən Fransa Hərbi Dəniz Qüvvələrinin nüvə aviasiyasının
silahlanmasına daxil edilib. Bundan əlavə, 2023‑cü ildən bəri raket
ölkənin Aerokosmik Qüvvələrinin tərkibinə daxil olan strateji hava
qüvvələri tərəfindən də istifadə olunur.
Məlumata görə, ASMPA‑R uçuş məsafəsinə görə əvvəlki ASMP‑A
versiyasını üstələyir: yeni raketin mənzili təxminən 600 km,
əvvəlki modelin isə 500 km-dir. Raketin maksimal sürəti isə Max 3-ə
çatır.
Qeyd edilir ki, raket yenilənmiş nüvə başlığı ilə təchiz edilə
bilər. Bununla belə, bəzi mənbələr əvvəlki TNA variantının 100–300
kiloton gücündə tənzimlənə bilən nüvə başlığı ilə istifadəsinin
mümkün olduğunu bildirirlər.

