İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

2025-ci il noyabrın 23-26-da ilk dəfə Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik
forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan
Sarayında olacaq.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən
Trend-ə verilən
məlumata görə, forum çərçivəsində “Zəngəzur dəhlizi: türk
coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru – Türk dünyasında
ilk” adlı panel müzakirələri təşkil olunacaq.

Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk
Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.




Tədbir çərçivəsində “Azərbaycan-Qazaxıstan QHT-lərinin I
Əməkdaşlıq Forumu” da təşkil olunacaq.

Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında
davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv
Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da
gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.

Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini
əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı
ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il həmçinin
dünya müsəlmanlarının 60%-nin yaşadığı, “İslam Səkkizliyi” adlanan
D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil
olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan
Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində
“Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə
texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2
ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır.
Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin
Platformasının təsis olunması bu istiqamətdə prosesin mühüm tərkib
hissəsidir.