
Bakı. Trend:
Özbəkistan Azərbaycanla kiçik və orta biznes (KOB) sahəsində
əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Bunu Trend-ə
Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və Orta
Biznesin İnkişafı üzrə Dövlət Siyasətinin Təhlili, Dəstəklənməsi və
Koordinasiyası Departamentinin direktoru Timur Xusanov Asiya
İnkişaf Bankının (AİB) “Asiyada kiçik və orta biznesin monitorinqi
2025” (ASM 2025) hesabatının Bakıdakı təqdimatına həsr olunmuş
seminar çərçivəsində deyib.
O qeyd edib ki, Özbəkistan AİB-in, beynəlxalq maliyyə
institutlarının və təşkilatların dəstəyi ilə 2030-cu ilədək KOB-un
inkişaf strategiyasını hazırlayıb.
“AİB bizə birbaşa dəstək göstərib, bu iş çərçivəsində bir neçə
böyük dairəvi masa müzakirələri keçirilib. Həmin müzakirələrdə AİB,
Dünya Bankı, respublikada təmsil olunan beynəlxalq maliyyə
institutlarının nümayəndələri, eləcə də müxtəlif inkişaf
təşkilatları iştirak ediblər”,- deyə T.Xusanov bildirib.
Onun sözlərinə görə, Strategiyanın əsas prioritet
istiqamətlərindən biri xarici bazarlara çıxışın təmin
edilməsidir.
“Bu proses, adətən, ikitərəfli xarakter daşıyır. Bu baxımdan
Azərbaycan bizim üçün yaxın mentalitetə malik, qardaş ölkədir və
uzunmüddətli iqtisadi əlaqələrimiz mövcuddur. Buna görə də biz bu
istiqamətdə əməkdaşlığın inkişafını vacib hesab edirik.
Strategiyada ölkə daxilində KOB-un inkişafı ilə yanaşı, sürətlə
inkişaf edən biznes nümayəndələrinin xarici bazarlara çıxışına
dəstək tədbirləri də nəzərdə tutulur”, – deyə o əlavə edib.

