
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ
Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası
(COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada
çıxış edib.
Trend xəbər verir ki,
parlamentin spikeri çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin
sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim
dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın
təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə,
bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər
əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla
yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü
transformasiyanın həyata keçirilməsi tələb olunur ki, bu da həm
qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin
yaratdığı çağırışların effektiv şəkildə həll olunmasına xidmət
etməlidir.
Milli Məclisin sədri xatırladıb ki, enerji keçidi COP29
sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub.
Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək
Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif
regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr
enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib.
Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa
İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və
Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq
çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim
edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji
Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.
Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi
çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan
nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan
qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks
etdirir.
Çıxışda həmçinin qeyd olunub ki, hər bir təşəbbüs təmiz enerji
infrastrukturu, tətbiqi, saxlanması, ötürülməsi və paylanması
sahəsində strateji prioritetləri hədəfləyir. Onlar bərpa olunan
enerji və enerji səmərəliliyi sahəsində məqsədlər üzrə tərəqqini
sürətləndirməyə, əməkdaşlığı gücləndirməyə və praktik tədbirlərin
həyata keçirilməsinə dair siyasi iradəni möhkəmləndirməyə yönəlib.
Spikerin bildirdiyinə görə, bu təşəbbüslər həm də innovasiyaların
təşviqi, texnologiya transferi, enerji şəbəkələrinin qarşılıqlı
əlaqəsinin təkmilləşdirilməsi və yeni investisiya mexanizmlərinin
formalaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd isə hər bir ölkə və
icmanın bu prosesdə ədalətli və bərabər şəkildə iştirakının təmin
olunduğu enerji keçidinə nail olmaqdır.
Milli Məclisin sədri çıxışında həmçinin ölkəmizdə bərpaolunan
enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər
və əldə olunan uğurlar barədə də məlumat verib. O deyib ki,
Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək
enerji balansında bərpa olunan enerjinin payını artırmaqdadır və
ölkəmiz bərpa olunan enerjinin inkişafı sahəsində lider
dövlətlərdən birinə çevrilməkdədir.
Bərpa olunan enerji resurslarımızın texniki potensialı quruda
135 QVt, dənizdə isə 157 QVt, bu resursların iqtisadi potensialı
isə təxminən 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpa
olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən
18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir.
2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji
layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə
istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan enerji
mənbələrindən əldə olunması nəzərdə tutulur.
Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə bu
investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza
baxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətində
qətiyyətini nümayiş etdirir.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmiz
enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni
standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz
ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl
Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional
transformasiya istiqamətində strateji baxışın bariz
nümunəsidir.
Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq
ictimaiyyətin məsul üzvü kimi Azərbaycan bərpa olunan enerji gücünü
artırmaq, hidroenerji potensialını inkişaf etdirmək və enerji
səmərəliliyi tədbirlərini gücləndirmək istiqamətində səylərini
davam etdirəcək. Ölkəmiz qlobal iqlim məqsədlərini dəstəkləməyə və
inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması naminə birgə
fəaliyyətə sadiq qalır.

