Ana dilimizi qorumaqla öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq – Gülşən Əkbərova

Baş səhifə

Bakı. Trend:

Ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun
ifadəsidir. Onu qorumaq, saflığını saxlamaq isə hər birimizin
borcudur.

Trend xəbər
verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin
normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən
“Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına
əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panel
sessiyada Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist
Gülşən Əkbərova deyib.

O, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim
izlədiyini vurğulayıb diqqət çəkib:




“Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur.
Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna,
fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət
yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki
milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Dövlətimizin
başçısı İlham Əliyev də AMEA-da çıxışı zamanı bu məsələyə xüsusi
diqqət yetirib. Doğurdan da, əgər bir sözün bizdə qarşılığı varsa,
xarici sözlər işlədilməməlidir”.

G.Əkbərova sonda gənc diktorlar, aparıcı və jurnalistlərə vurğu
lüğətlərindən daha çox istifadə etməyi məsləhət görüb: “Çünki
düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir
mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli
sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və
gələcəyimizi qoruyuruq”.