
Bakı. Trend:
Qeyri-formal məşğulluqda olan şəxslər, yəni sığorta sisteminə
daxil olmayan şəxslər belə, ilkin səhiyyə xidməti və təcili tibbi
yardım xidmətlərindən ödənişsiz şəkildə yararlana bilirlər. Yəni,
hər hansı təcili tibbi yardım halında bu şəxslər xidmətlərdən
məhrum qalmayacaqlar.
Trend xəbər
verir ki, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin bir neçə
komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.
Sədr bildirib ki, ilkin səhiyyə xidməti İTSDA üçün prioritet
istiqamətlərdən biridir. Bu sahə nə qədər inkişaf edərsə, bir o
qədər preventiv tədbirlərin görülməsi mümkün olacaq və
xəstəxanalara düşən yük azalacaq.
“Hazırda bu sahədə iki əsas problem var:
1. Tibb müəssisələrinin fiziki vəziyyəti: Ölkədə təxminən 2
500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsız
vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir.
2. Kadr çatışmazlığı: Hazırda kənd məntəqələrində xidmət
göstərmək üçün azı 1 500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı
Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub və nazirlik
tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində
müəyyən təklif və həll yoları var”.
Z.Əliyev əlavə edib ki, sosial-iqtisadi inkişaf strategiyası
çərçivəsində 2027-2030-cu illərdə təmir mərhələli şəkildə həll
olunacaq.
“Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganə
rayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Bu
səbəbdən, ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidən
qurulması planlaşdırılır. Gələn ilin mart ayında sizi Bərdəyə dəvət
etməyi planlaşdırırıq ki, görülən işlərlə yerində tanış ola
biləsiniz.
Bu istiqamətdə işlərimizi davam etdiririk və inanıram ki,
qarşıdakı bir neçə ildə bunun müsbət nəticələrini görəcəyik”, –
deyə o fikrini yekunlaşdırıb.

