Özünəməşğulluq üçün ayrılan vəsait iş yerləri, kiçik sahibkarlığın inkişafına şərait yaradır – Soltan Məmmədov

Baş səhifə

Bakı. Trend:

Bu gün təqdim olunan hər bir rəqəm davamlı inkişaf
tendensiyasının bir göstəricisidir. İşsizliyə görə sığorta
ödənişlərinin həcminin 60 faiz artımı bizi çox sevindirir.

Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin deputatı Soltan Məmmədov
parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və
sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.

“Bundan başqa, peşə hazırlığı, əlavə təhsillə bağlı görülən
tədbirlər, sığorta olunanların əməkhaqlarının bir hissəsinin fondun
hesabına maliyyələşdirilməsi, kvotadan əlavə iş yerlərinin
yaradılması, sosial müəssisələrin yaradılması və məqsədli proqramın
həyata keçirilməsi üçün əlavə iş yerlərinin yaradılması bu gün
işsizlikdən sığorta fondu çərçivəsində həyata keçirilən 14
istiqamətdə görülən tədbirlərin bariz nümunəsidir”, – deyə deputat
vurğulayıb.

Millət vəkili bildirib ki, bu tədbirlər bu gün məşğulluğun
artırılması üçün çox önəmli vacib addımlardan biridir:




“Eyni zamanda, xüsusilə, kvotadan əlavə iş yerlərinin
yaradılması üçün ayrılan vəsait, görülən tədbirlər, eyni zamanda,
sosial müəssisələrin yaradılması və müəyyən məqsədli proqramların
həyata keçirilməsində əldə etdiyimiz müəyyən uğurlar mövcuddur. Bu
rəqəmlərdə keçən illə müqayisədə artım olmadığını nəzərə alaraq,
bunun davamlılığı ilə bağlı bəzi nəticələri əldə etməliyik”.

S.Məmmədov əlavə edib ki, özünəməşğulluq üçün ayrılan vəsait iş
yerləri, kiçik sahibkarlığın inkişafına şərait yaradır.

“Bununla bağlı hər dəfə biz müraciət edirik və nazirlikdən çox
sevindirici rəqəmlər əldə edirik. Son beş il üçün həyata keçirilmiş
tədbirlərlə bağlı rəqəmlər, əldə edilən uğurlar və bunun gələcək
illərdəki proqnozu ilə bağlı kiçik hesabat çox önəmli olardı”.