44 günlük Vətən müharibəsinin xronikası: 5 noyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin noyabrın 5-nə olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə
müsahibə verib.

– Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd
istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və
Ağcabədini atəşə tutub.

– Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu.

– Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub.

– Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların
videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki
hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb.

– Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.

– Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq
məhv edilib. Düşmənin 41-ci artilleriya alayının
batareyası məhv edilib.