2026-cı ildə işğaldan azad edilmiş ərazilərin bərpasına nə qədər vəsait xərclənəcək? — RƏSMİ

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın
təmin edilməsi üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın
təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası,
həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik
enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,
mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi
abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin
tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3
500 000 000
manat məbləğində vəsait nəzərdə tutulur.




“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq əhalinin
yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya
tədbirlərinin təşkili, inşa edilmiş evlərə ailələrin köçürülməsi
məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün
41 900 000 manat vəsait proqnozlaşdırılır ki, bu
da 2025-ci illə müqayisədə 13 100 000 manat və ya
45,5 % çoxdur.

Növbəti ilin büdcə layihəsində həmin proqram çərçivəsində
işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət
(maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində
fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına
malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan
azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən
rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz
sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar)
tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət
büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə
5 000 000 manat, işğaldan azad edilmiş ərazilərdə
istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak
olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su
təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə
uyğun olaraq ödədikləri vəsaitin 20 %-i məbləğində
maliyyə yardımının ödənilməsi məqsədilə 2 000 000
manat vəsait nəzərdə tutulur.

Bütövlükdə 2026-cı ilin dövlət xərclərindən (bütün xərc
bölmələri üzrə) işğaldan azad edilmiş ərazilərin bərpası,
yenidənqurması və digər tədbirlər üzrə cəm olaraq 3 548 900
000
manat məbləğində vəsait yönəldiləcək.