“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi
İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)
layihəsinin daha bir tədbiri – “Püstə: canlı irs” təqdimatı Maqsud
İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.

Trend xəbər verir
ki, əvvəlcə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasında
hazırlanan monotamaşa təqdim edilib.

Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin
mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə
çevrilən püstə ağacı dayanır.

Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu
hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada
müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan
obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov
canlandırıb.

Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən
kiçik Bakı həyətinə səyahət ediblər.

Sonra “Azərxalça” ASC-nin toxuduğu triptix – üç xalçadan ibarət
əsər təqdim olunub.




Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.

Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatın
yenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdə
üç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə və
inkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövri
xarakterini vurğulayır.

Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasında
püstə ağacı əkilib.

Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi
kimi təcəssüm olunur. Püstə – keçmişlə gələcəyin, sənətlə
ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.

Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib.
Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun
məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və
turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə
şəkilləri də çəkilib.