Bu ilin doqquz ayında DTA-nın qoruq və mədəniyyət müəssisələrinə bilet satışından əldə edilən gəlir açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq
və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı
ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin
statistikası təqdim edilib.

Trend bu barədə
Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən
qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də
“Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan
bərpa işləri haqqında məlumat verilib. Bildirilib ki, “Lahıc”
Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası
tamamlanmaq üzrədir. “Lahıc” DTMQ-da parkinq zonasının yaradılması
üzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət
Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni
mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi
obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.

Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin
Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism
Villages”) siyahısına əlavə olunub ki, bu da “Xınalıq və Köç Yolu”
Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm
xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi
qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq
Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam
etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb
edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq
imkanlarının genişlənməsinə şərait yaradıb.




Məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksində
azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin
hazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıq
vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji
strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.

Təqdimatda qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarət
edənlərin sayı da açıqlanıb. Məlumat verilib ki, DTA tabeliyində
olan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarət
edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz
artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə
Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159
171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494
nəfər ziyarət edib. Göstərilən müddət çərçivəsində qoruqları və
mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici
vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 10 faizdən çoxdur.

Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346
manat gəlir əldə edilib.