Avropa İttifaqı Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqəliliyi sahəsində Azərbaycanı strateji tərəfdaş olaraq tanıyır – Avronest

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Orta Dəhliz və “Global Gateway” təşəbbüsü
çərçivəsində nəqliyyat əlaqəliliyi sahəsində Azərbaycanı strateji
tərəfdaşı olaraq tanıyır.

Trend xəbər verir
ki, bu barədə Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında ədalətli
ticarətin, əməkdaşlığın və investisiyaların təşviqinə dair Avronest
Parlament Assambleyasının qətnaməsində qeyd olunur.

Sənəddə vurğulanır ki, Qara dənizin dibi ilə çəkiləcək sualtı
elektrik kabeli layihəsi və Transxəzər rəqəmsal dəhlizi kimi
təşəbbüslər Xəzər regionu, Cənubi Qafqaz və Aİ arasında bərpa
olunan enerjinin və yüksək sürətli rəqəmsal trafikin ötürülməsinə
yönəlib və “Global Gateway” təşəbbüsünün məqsədlərinə uyğun
layihələr kimi qiymətləndirilir.

“Cənub Qaz Dəhlizi Aİ bazarlarına təbii qaz tədarükü üçün
etibarlı və strateji marşrutdur, enerji təchizatı mənbələrinin
şaxələndirilməsinə töhfə verir və Aİ ilə Azərbaycan “REPowerEU”
kimi təşəbbüslər çərçivəsində əməkdaşlığı inkişaf etdirmək
niyyətlərini ifadə ediblər”, – sənəddə bildirilir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.