Azərbaycan OECD ilə əməkdaşlıq perspektivlərini dəyərləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)
arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Trend
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, iqtisadiyyat
naziri Mikayıl Cabbarovun İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun
Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşü zamanı baş
tutub.




Görüşdə Azərbaycanın OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik
Proqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi Qafqaz
Təşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyi
vurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətinin
artırılması, rəqəmsallaşma və investisiya mühitinin
təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimi
istiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeyd
edilib. Bildirilib ki, Avrasiya ölkələri ilə OECD arasında
əlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafı
baxımından əhəmiyyətlidir.

Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat
və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildə
keçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələr
aparılıb.