
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon
Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramı
çərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib.
Bu nailiyyət hava limanının karbon emissiyalarının idarə
edilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsində
davamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədə
tanınmasını ifadə edir.
ACA proqramı, Beynəlxalq Hava Limanları Şurası (Airports Council
International – ACI) tərəfindən təsis edilmiş və hava limanlarının
karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini
qiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqram
müstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarının
enerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılması
üzrə nəticələrini təsdiqləyir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru “Yaşıl Hava Limanı”
təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit və
Enerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Hava
limanı artıq “ISO 14001:2015” (Ətraf Mühitin İdarəolunması Sistemi)
və “ISO 50001: 2018” (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalq
sertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusional
səviyyədə təmin edildiyini göstərir.
“Bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli və
dayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır.
Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyət
fəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızın
mərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləri
dayanır”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru
Teymur Həsənov bildirib.
“ACI EUROPE”un baş direktoru Olivye Yankovets isə qeyd edib:
“Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçün
qlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra
3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanın
ən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyi
sahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri və
digər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətində
fəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəm
və onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləri
birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.
3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsində
deyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəli
tərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsini
əhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanı
region və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanı
olub.
Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsində
akkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınının
yarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev Beynəlxalq
Aeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekoloji
öhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarına
uyğun fəaliyyətini bir daha təsdiqləyir.
Hava limanı bu uğuru “Daha Yaşıl Gələcək üçün Birlikdə”
(Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət və
əməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcək
mərhələlərdə də “Yaşıl Hava Limanı” təşəbbüsləri və ESG
strategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.
Məlumat üçün:
“Airport Carbon Accreditation (ACA)” – “ACI” tərəfindən təsis
edilmiş yeganə qlobal proqramdır.
O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrə
fəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir.
Proqram aşağıdakı mərhələlərdən ibarətdir:
Level 1, Level 2, Level 3, Level 3+, Level 4, Level 4+, və Level
5.

