
Bakı. Trend:
Oktyabrın 25-də Vətən müharibəsi tarixinin ən əlamətdar
hadisələrindən birinin – Qubadlı şəhərinin işğaldan azad
edilməsinin 5 – ci ili tamam olur. Bu hərbi uğur Azərbaycan
Ordusunun düşmən üzərindəki strateji üstünlüyünü bir qədər artırdı,
qələbə gününü bir qədər də yaxınlaşdırdı.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.
O bildirib ki, Qubadlı rayonu Ermənistanın Azərbaycana qarşı
ərazi iddialarının baş qaldırdığı 1988-ci ildən silahlı təcavüz və
terrorla üz-üzə qalmışdı. Bunun da əsas səbəbi rayonun Ermənistan
və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olması idi.
Həmin vaxtdan erməni silahlıları hər iki istiqamətdən Qubadlının
yaşayış məntəqələrinə hücumlar etməyə başlayıb, dinc əhaliyə qarşı
davamlı şəkildə terrorlar törədiblər.
“Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən
işğalı nəticəsində rayonun sakinləri məcburi köçkün vəziyyətinə
düşmüş və respublikamızın müxtəlif yaşayış məntəqələrində
yerləşdirilmişdilər. İşğal nəticəsində Qubadlıda 94 yaşayış
məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial
obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü düşmən
tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdı. Qubadlıda
həm də Ermənistan tərəfindən qanunsuz məskunlaşma aparılmışdı.
Xarici ölkələrdən gətirilən ermənilər rayon ərazisində
yerləşdirilmiş, onlar üçün erməni diasporunun vəsaiti ilə rayonun
Xanlıq kəndi ərazisində qəsəbə salınmışdı. Cenevrə konvensiyalarına
görə işğal edilən torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə
cinayət törətmiş olur. Bununla da Ermənistan işğal dövründə daha
bir cinayətə imza atmışdı.
Vətən müharibəsi günlərində Cəbrayılın, Hadrutun, Füzulinin və
Zəngilanın azad edilməsindən sonra Azərbaycan xalqı növbəti qələbə
müjdələrindən birinin Qubadlıdan olacağına əmin idi. Bu inamı daha
da gücləndirən isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun sürətli hücumu idi.
Beləliklə, Zəngilanın işğaldan azad edilməsindən cəmi 5 gün sonra –
oktyabrın 25-də Müzəffər Ali Baş Komandan özünün sosial şəbəkə
hesabından Qubadlının da işğaldan azad edilməsinin müjdəsini
verdi:
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı
rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan
azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ
Azərbaycandır!”
Qubadlı şəhərinin işğaldan azad edilməsi əməliyyatı xüsusi
peşəkarlıq tələb edirdi. Çünki şəhərdə ermənilər çox güclü
istehkamlar qurmuşdular. Eyni zamanda yaxınlıqdakı yüksəkliklərdə
düşmənin hərbi birləşmələri yerləşmişdi və buradan müntəzəm şəkildə
hərbçilərimizə atəş açılırdı. Bundan başqa Azərbaycan Ordusunun
bölmələrinə Ermənistan ərazisindən də atəş açılırdı. Ona görə
Qubadlı əməliyyatında xüsusilə diqqətli olmaq lazım idi. Şəhəri
azad etmək üçün isə ilk növbədə, yüksəkliklər düşməndən
təmizlənməli idi. Beləliklə, Azərbaycan Ordusunun olduqca dəqiq və
peşəkarlıqla hazırlanan hücum əməliyyatı nəticəsində öncə, şəhərə
hakim olan strateji yüksəkliklər və ətrafdakı yaşayış məntəqələri,
o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri nəzarətə götürüldü.
Bunun ardınca isə Qubadlı şəhəri işğaldan azad olundu və 25 oktyabr
tarixi 44 günlük müharibənin gedişində mühüm strateji uğur oldu.
Ümumilikdə isə Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatları
nəticəsində noyabrın 9-dək Qubadlı şəhərindən başqa rayonun 41
kəndi işğaldan azad olundu”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Qubadlıdan sonra Azərbaycan Ordusunun Laçın
istiqamətində hücumları başladı. Tezliklə Laçın rayonunun cənubunda
yerləşən kəndlər azad olundu. Laçın dəhlizinin ordumuz tərəfindən
nəzarətə götürülməsi isə müharibənin gedişində mühüm dönüş nöqtəsi
oldu:
“Vətən müharibəsindən sonra Qubadlı rayonunun tarixində yeni
mərhələ başlayıb. Düşmənin dağıtdığı, vandallığa məruz qoyduğu
rayon bu mərhələdə bərpa edilir, yenidən qurulur. Hələ 2021-ci il
oktyabrın 25-də Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdə Prezident İlham Əliyev demişdi:
«Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat
bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün
bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi.
Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad
vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini,
o cümlədən Qubadlı şəhərini yenidən quracağıq».
Ötən dövrün mənzərəsi göstərir ki, dövlətimizin başçısının bu
sözləri sürətlə həyata vəsiqə alır, Qubadlıda həyat yenidən
canlanır. Prezident İlham Əliyev indiyədək bir neçə dəfə Qubadlıya
səfər edib. Bu səfərlərin hər biri rayonun həyatında silinməz iz
buraxıb, bərpa və quruculuq işlərinə təkan verib.
Qubadlıda da digər rayonlarda olduğu kimi quruculuq işləri yeni
infrastrukturların yaradılması ilə başlayıb. İndiyədək rayonda
sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyası istifadəyə verilib.
Hazırda rayon ərazisində Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı,
Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Yeni Qubadlı-Laçın və
Xanlıq-Qubadlı yollarının tikintisi aparılır. O cümlədən Qubadlı
şəhərində daxili yolların tikintisi həyata keçirilir”, – deyə
Xanlar Fətiyev bildirib.
Deputat xatırladıb ki, 2023-cü il mayın 4-də Prezident İlham
Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati
binanın, 600 şagird yerlik tam orta məktəb binasının, 91 yataqlıq
Mərkəzi Xəstəxana binasının təməlini qoyub. Qubadlı şəhərinin
2040-cı ilədək inkişafına dair Baş planı da təsdiq edilib.
“Bərpa işləri rayonun kəndlərini də əhatə edir. Ötən dövrdə
Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Birinci
mərhələdə Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlı
kəndində 159 fərdi evin tikintisi nəzərdə tutulur.
Qubadlı rayonunun böyük su ehtiyatları var. Bərpa prosesində bu
imkanlardan da səmərəli yararlanmaq qarşıda duran əsas vəzifələrdən
biridir. Bu məqsədlə rayon ərazisində “Zabuxçay” və “Bərgüşadçay”
su anbarları inşa olunur. Su anbarlarının yaradılması nəticəsində
on minlərlə hektar torpağın suvarma suyu ilə dayanıqlı şəkildə
təmin edilməsi mümkün olacaq.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı
Sərəncama əsasən Qubadlı şəhərinin işğaldan azad edildiyi 25
oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Qubadlı Şəhəri
Günü də Vətən müharibəsinin digər əlamətdar tarixləri kimi
Azərbaycanın Zəfərini, xalqımızın mübariz ruhunu tərənnüm edir.
İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı da
dirçəlir, həyata dönür. Azadlığının sevincini yaşayan bu yurd
yerimiz də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
quruculuq əzminin və dövlətimizin qüdrətinin nəticəsi olaraq
tezliklə Azərbaycanın ən gözəl ünvanlarından biri olacaq”, – deyə o
qeyd edib.

