Deputat İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azalmasına aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Son günlər dövlət büdcəsinin 2026-cı il layihəsində İcbari Tibbi
Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə azalması
cəmiyyətdə müəyyən suallar və narahatlıqlar doğurub. Gəlin bu
məsələyə yalnız rəqəmlərlə deyil, prosesin iqtisadi və sistem
baxımından məntiqi ilə yanaşaq.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, bu azalma səhiyyəyə ayrılan ümumi
vəsaitin azalması demək deyil. Əksinə, 2026-cı il üçün səhiyyə
sahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yəni
təxminən 3 faizlik artım nəzərdə tutulur.




“İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan
vəsaitin bir qədər azalması sistemin zəifləməsi deyil, onun maliyyə
müstəqilliyinə keçid mərhələsi deməkdir. Bu, planlı bir keçiddir.
Çünki sığorta mexanizmi artıq yalnız dövlətin deyil,
işəgötürənlərin və iqtisadi aktiv vətəndaşların ödədiyi haqlar
hesabına formalaşan bir sistemə çevrilməkdədir. Dünyanın heç bir
yerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabına
uzunmüddətli davamlı ola bilməz. İndi məqsəd, fondun öz
daxilolmaları hesabına daha dayanıqlı və çevik şəkildə fəaliyyət
göstərməsidir.

Bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır. Əksinə,
məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabər
əlçatanlığını artırmaqdır. Fondun maliyyə bazası genişləndikcə bu
xidmətlərin sayı da artır.

Dördüncü vacib məsələ – ictimai müzakirələrdə tez-tez səslənən
sual:
“İşsiz və ya qeyri-formal çalışan vətəndaş sığortadan necə
yararlanacaq”? Burada prinsip çox aydındır. Aztəminatlı və işsiz
şəxslərin tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır. Eyni
zamanda, məqsəd əmək bazarını leqallaşdırmaqdır. Yəni hər bir
işləyən şəxs rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial,
həm də tibbi təminat hüquqlarını təmin edir”, – deyə deputat
fikrini tamamlayıb.