Azərbaycanın sədrliyi dövründə TDT mühüm nəticələrə nail olacaq – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə
TDT-nin mühüm nəticələrə nail olacağına əminəm.

Trend xəbər verir
ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin
sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının
gedişində bildirib.

“Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının
12-ci sammiti keçirilib və Azərbaycan növbəti il üçün Təşkilata
sədrliyi qəbul edib. Əminik ki, sədrliyimiz dövründə əməkdaşlığın
daha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldə
olunacaq”, – deyə o bildirib.




Nazir qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsində
dayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə də
innovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarına
inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

“Bu, türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasını
gücləndirmək baxımından mühüm addımdır”, – deyə o əlavə edib.