Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,010
milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 37,1 milyon ABŞ dolları və ya 3,8% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 2,85%-i həcmində olub. Bununla da ABŞ hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Amerika
Birləşmiş Ştatlarına 48,4 milyon dollarlıq məhsul ixracı qeydə
alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,015 milyon ABŞ
dolları və ya 2,3 dəfə azdır.




Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 961,6 milyon
ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 102,2 milyon ABŞ dolları və
ya 11,9% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü
pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan
xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon
ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,
16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%
azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət
saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və
ya 2,8 dəfə azdır.