Azərbaycanda cinayətkarlıq, narkomaniya və təhlükəsiz mühitdə yaşamaq hüququ: rəqəmlərdə

Baş səhifə

Bakı.Trend:

Hər bir valideyn üçün övladının təhlükəsizliyi önəmlidir.
Dövlətimiz də öz vətəndaşlarının təhlükəsizliyi üçün bir çox
əhəmiyyətli addımlar atıb və bunun bəhrəsini bütün ölkə
vətəndaşları görür. Buna baxmayaraq, bütün ölkələrdə olduğu kimi,
ölkəmizdə də hər il müxtəlif cinayətlər törədilir. Hazırkı məqalədə
bu cinayətlərin əsasən hansı kateqoriyadan insanlar tərəfindən
törədildiyi barədə məlumatlar yer alır.

Bu sahədə Dövlət Statistika Komitəsinin 2025-ci ilin birinci
yarısına hazırladığı “Azərbaycanda cinayətkarlıq” hesabatından
aşağıdakı trendləri müşahidə edə bilərik ki, ilin 6 ayı ərzində
cəmi 17049 cinayət hadisəsi qeydə alınıb:

Cinayətlərin 27.4%-i narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Bunlar
65.8%-i satış məqsədi olmadan (şəxsi istifadə) kateqoriyasına
aiddir;

Əvvəlki dövr ilə müqayisədə mülkiyyət, istifadə və ya icarə
hüququnu pozma halları 3.6 dəfə, qanunsuz sahibkarlıq 2 dəfə, adam
oğurluğu (əsasən qız qaçırtma) 36.4 faiz, quldurluq 22.9 faiz və s.
artmışdır.

Bu cinayətlərə görə 2025-ci ilin 6 ayı ərzində ümumilikdə 7527
nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bunlardan 52.4%-i
işləməyən və oxumayan şəxslər; 36.59%-i narkotik və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətkarlar; 23.2%-i
əvvəllər cinayət törətmiş şəxslər olub. Eyni zamanda, cinayət
törətmiş şəxslərin sosial-demoqrafik təhlili göstərir ki, cinayət
törətmiş 10502 şəxsin 73.2%-i 30 yaşdan yuxarı şəxslərdir, onların
92.6%-i ümumi orta və tam orta təhsillidir (yəni ali savadı olmayan
şəxslərdir), 51.4%-i isə işləməyən və təhsil almayan şəxslərdir.
Digər sözlərlə desək, cinayət törədənlərin yarısından çoxu təhsil
ilə məşğul olmayan, işsiz adamlar olub və bu rəqəmlər 2020-ci ilin
rəqəmlərindən çox fərqlənmir.

Adətən, insanlar narkoman və sərxoş adamdan ehtiyat edirlər ki,
ağlı başında olmadığından, belələri istənilən cinayəti törədə
bilərlər. Lakin, rəsmi statistika göstərir ki, cari ilin 6 ayında
sərxoş şəxslər və narkotik təsiri altında olan şəxslər birlikdə
cinayət törətmiş şəxslərin heç 1 faizini belə təşkil etməyib.
Əksinə, cəmiyyət üçün daha çox təhlükəni əvvəllər cinayət
məsuliyyətinə cəlb edilmiş şəxslər yaradır. Belə ki, bu
kateqoriyalı şəxslər cinayət törətmiş şəxslərin təxminən

18%-ni təşkil edir. Bu o deməkdir ki, birincisi, cəza verilmiş
şəxslərin ən azı 18%-i islah olunmayıb; ikincisi, əvvəllər məhkum
olunmuş şəxslər cəmiyyət üçün daha çox təhlükə yaradır, nə inki
sərxoş və narkomanlar.

Ölkəmizdə cinayətkarlığın qarşısı səmərəli şəkildə alınır.
Statistikaya görə ən çox cinayət hadisələri paytaxtda baş verir və
burada 3 ən çox cinayət törədilən rayon: Sabunçu (984 hadisə),
Yasamal (828 hadisə) və Suraxanı rayonlarıdır (781 hadisə). Ölkə
üzrə isə Abşeron rayonu (1066 hadisə), Sumqayıt (877 hadisə) və
Gəncə (519 hadisə) bu statistikada öndədir.




Avropa Şurasının SPACE-I hesabatına əsasən, 2024-cü ildə ölkəmiz
həbsdə olan şəxslərin sayına görə Avropa ölkələri arasında
Türkiyədən sonra ikinci yer alıb. Bəs bu şəxslər əsasən hansı
cinayətlərə görə məhkum olunublar? Cari ilin 6 ayında ən çox
yayılan 2 növ cinayət aşağıdakı kimidir:

35.7% – mülkiyyət əleyhinə olan cinayətlər (bunun 35%-i oğurluq,
54%-i dələduzluq)

27.4% – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar cinayətlər (2020-ci ildə 29.6%).

2024-cü ilin yanvar ayına olan statistikaya görə, narkotiklərlə
əlaqədar məhkum edilmiş şəxslər ümumi məhkum edilmiş şəxslərin
44.9%-i təşkil edir və təəssüf ki, bu rəqəmə görə ölkəmiz Avropanın
46 ölkəsi arasında birinci yerdədir.

Bu statistikaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki,
cinayətkarlığın və narkomaniyanın azaldılması üçün önəmli diqqət
təhsilin inkişafına və məşğulluğun artırılmasına yönəldilməlidir.
Bu səmtdə təhsil sahəsində aparılan islahatlar, narkomaniya ilə
mübarizə istiqamətində görülən işlər bir müddət sonra öz təsirini
göstərəcək. 17 sentyabr 2025-ci ildə Narkomaniyaya qarşı mübarizə
üzrə 2025-2030-cu illər üzrə Dövlət Proqramının təsdiqi bu işlərin
daha sistemli və səmərəli görülməsinə zəmin yaradır. Bu Dövlət
Proqramının əsas məqsədi maarifləndirmə yolu ilə narkomaniyanın
qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi
və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ
hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin
həyata keçirilməsidir. Ölkəmizdə narkomanların sayının artması
dünyada baş verən artımın təzahürüdür. Birləşmiş Millətlər
Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi 2030-cu ilə
qədər dünyada narkotik istifadəçilərinin sayının əlavə 11 faiz
artmasına dair proqnozlar vermişdir. 2000-ci illərdən etibarən hər
5 ildən bir ölkəmiz bu sahədə yeni proqramlar təsdiq və icra
edir.

Məhəmməd Quluzadə, “Hüquq və İnsan Haqları İnstitutu”

publik hüquqi şəxsin İdarə Heyətinin sədri