Gürcüstanda tam ali təhsilin müddəti 6 ildən 4 ilə endiriləcək

Baş səhifə

Bakı. Trend:

Gürcüstanda tam ali təhsilin müddəti, bəzi ixtisaslar istisna
olmaqla, 6 ildən 4 ilə endiriləcək.

Trend xəbər verir
ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil
sahəsində planlaşdırılan islahatların təqdimatı zamanı məlumat
verib.

Onun sözlərinə görə, hazırkı ali təhsil sistemi müasir tələblərə
cavab vermir və bu səbəbdən təhsil islahatları ilə ölkə
tələbələrinin inkişaf etmiş dövlətlərdəki kimi keyfiyyətli təhsil
alması məqsəd qoyulub.

Baş nazir bildirib ki, yeni modelə əsasən, üç il bakalavr, bir
il isə magistratura pilləsi üçün nəzərdə tutulacaq. Tibb və oxşar
ixtisaslar isə bu dəyişiklikdən istisna olunacaq.




İ.Kobaxidze həmçinin qeyd edib ki, islahatlar çərçivəsində
təhsilin coğrafi təmərküzləşməsinin azaldılması planlaşdırılır.
Hazırda tələbələrin 85 faizindən çoxu paytaxt Tbilisidə təhsil
alır.

Bundan başqa, bəzi orta məktəblərdə 11 illik təhsil sisteminə
keçid də nəzərdən keçirilir.

Hazırda Gürcüstanda bakalavr təhsili 4 il, magistratura isə 2
il, tam orta təhsil isə 12 il davam edir.