İstehsalatda bədbəxt hadisələrlə bağlı meyarlar üzrə proses tam elektronlaşdırılacaq

Baş səhifə

Bakı.Trend:

Təqdim olunan layihə qanunvericilikdəki normativ boşluqları
aradan qaldırmağa yönəlmiş vacib bir islahat tədbiridir. Təxminən
2-3 ilə yaxın bir müddətdə bu proses – layihənin hazırlanması,
razılaşdırılması və araşdırılması icra edilib.

Trend xəbər
verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial
sığorta və pensiya siyasəti şöbəsinin müdiri Sabir Qocayev Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin
müzakirəsi zamanı deyib.

Şöbə müdiri xatırladıb ki, Tibbi Sosial Ekspertiza
Komissiyalarının vəzifələrindən biri peşə əmək qabiliyyətinin
itirilməsi faizinin müəyyən edilməsidir:

“Lakin bu sahədə konkret və dəqiq meyarların olmaması bizi bu
qənaətə gətirdi ki, məsələ kompleks şəkildə tənzimlənməlidir.
Tapşırıq da bu məqsədlə verilib və nəticədə geniş bir meyar sənədi
– peşə əmək qabiliyyətinin itirilməsi hallarının qiymətləndirilməsi
ilə bağlı normativ sənəd hazırlanaraq ortaya çıxıb”.

Nazirlik rəsmisi vurğulayıb ki, bu sənəd aidiyyəti qurumlar –
Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, eləcə də sığorta
sektorunun nümayəndələri ilə razılaşdırılıb:

“Çünki məsələ yalnız bir dövlət qurumuna aid deyil — bu, həm də
icbari sığorta sisteminə, işəgötürən məsuliyyətinə və sosial
müdafiə mexanizmlərinə birbaşa təsir göstərən məsələdir”.




S.Qocayev bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələr
və peşə xəstəlikləri üzrə sığorta ödənişləri sığorta şirkətləri
tərəfindən həyata keçirilir. Lakin əgər işəgötürən öz vəzifələrini
yerinə yetirməyibsə və işçi sığortalanmayıbsa, bu zaman məsuliyyət
birbaşa işəgötürənin üzərinə düşür:

“Əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına müəyyən dərman
vasitələri ilə təmin olunurlar. Siyahı daim yenilənir və aktual
preparatlarla zənginləşdirilir. Sanator-kurort yollayışları da
əlilliyi olan şəxslər üçün təmin olunur və bu, əsasən Dövlət Sosial
Müdafiə Fondu tərəfindən həyata keçirilir”.

O qeyd edib ki, layihə qəbul olunduqdan sonra Nazirlər Kabineti
tərəfindən meyar sənədi də təsdiqlənəcək:

“Bu meyarlar üzrə proses tam elektronlaşdırılacaq, sənəd sayı
minimuma endiriləcək, subyektivlik aradan qaldırılacaq və bütün
qiymətləndirmələr obyektiv göstəricilər əsasında aparılacaq.

İstehsalatda baş verən bədbəxt hadisələrdə və peşə
xəstəliklərində müəyyən azalma müşahidə olunur. Lakin bu sahə hələ
də xüsusi diqqət tələb edir, çünki peşə xəstəlikləri spesifik və
fərqli yanaşma tələb edən hallardır”.