Bakı. Trend:
İstehsalat qəzaları nəticəsində vətəndaşın orqanizm
funksiyasının pozulma dərəcəsi 30 faizdən yuxarı olurdusa, əlillik
təyin olunur. Lakin 30 faizdən aşağı pozuntu hallarında
qanunvericilikdə konkret mexanizm mövcud deyil. Bu isə praktiki
boşluq yaradır.
Trend xəbər
verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Milli Məclisin Əmək
və sosial siyasət komitəsinin bugünkü iclasında “İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi
zamanı deyib.
İdarə Heyətinin sədri bildirib ki, bu boşluğun aradan
qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşma hazırlanıb
və qanunvericiliyə dəyişiklik təklifi hazırlanaraq parlamentə
təqdim olunub.
“Təklifə əsasən, artıq əmək qabiliyyətinin itirilmə dərəcəsinin
müəyyən olunması qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni
Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Yeni qaydanın layihəsi artıq hazırlanıb və Nazirlər Kabinetinin
təsdiqindən sonra hüquqi qüvvəyə minəcək. Bu qayda tətbiq
edildikdən sonra əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha
dəqiq, vahid və operativ mexanizmlərlə müəyyən olunacaq.
Həkim-ekspertlərimiz bu sahədə yetərincə təcrübəyə malikdir və
yeni metodologiyanın tətbiqi ilə bağlı təlimlərə cəlb olunublar”, –
deyə R.Rzayev qeyd edib.

