
Bakı. Trend:
Oktyabrın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini
Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma
naziri Fərzanə Sadiqin başçılıq etdikləri nümayəndə heyətləri
Astara şəhərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib
infrastruktur obyektlərinə birgə baxış keçiriblər.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətləri
2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı
üzərində açılan avtomobil körpüsünə baş çəkiblər.
Bildirilib ki, körpünün buraxılış imkanı hər tərəfə gündə 500
ədəd giriş və 500 ədəd çıxış olmaqla ümumilikdə 1000 ədəd yük
nəqliyyat vasitəsi təşkil edir.
Daha sonra İranın Astara şəhərində yerləşən və Azərbaycan Dəmir
Yollarına məxsus Cənub Yük Terminalının tikinti işlərinin gedişi
ilə tanışlıq olub.
Terminalın hazırkı illik yükaşırma imkanı 1 milyon ton təşkil
edir və onun 5 milyon tona qədər artırılması nəzərdə tutulur.
Tikinti işlərinin 2025-ci ilin sonuna qədər başa çatdırılması
planlaşdırılır.
Nümayəndə heyətləri həmçinin İran ərazisində Rəşt-Astara dəmir
yolunun tikintisinə baxış keçiriblər.


