
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya 75,3
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,2
milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 55,1 milyon kVt/saat və ya 1,7 dəfə,
dəyər ifadəsi ilə 4,1 milyon ABŞ dolları, yaxud 2,3 dəfə
azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk səkkiz ayı ərzində Rusiyadan
Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində, 59,5 milyon kVt/saat
həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 342 min ABŞ dolları və ya 19,4% çox, həcm ifadəsində isə
1,4 milyon kVt/saat və ya 2,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları və ya 8,3%,
98,8 milyon kVt/saat və yaxud 10% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon kVt/saat
elektrik enerjisi idxal edilib. Bu isə ötən ilin ilk 8 ayındakı
göstəriciyə nisbətən dəyər baxımından 26 min ABŞ dolları və ya
0,5%, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və yaxud 6,2%
azdır.

