
Bakı.Trend:
Polis Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən
şəxsi saxlayıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, işğaldan azad olunan ərazilərdə polis əməkdaşları
tərəfindən təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunsuz odlu
silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən Xocavənd rayonunda keçirilən
tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti
şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs
qismində saxlanılıb. Onun yaşadığı evdən 2 “Kalaşnikov” avtomatı, 1
“İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron
aşkarlanaraq götürülüb.
Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı
rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı
tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən
edilib.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri
davam etdirilir.

