
Bakı.Trend:
Xəbər verdiyimiz kimi, Düşənbədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Bu görüş ikitərəfli münasibətlərin son aylarda müşahidə olunan
gərginlikdən sonra konstruktiv və müsbət məcraya yönəldiyini açıq
şəkildə göstərdi. Görüşün məzmunu və Rusiya Prezidenti Vladimir
Putinin söylədiyi fikirlər, tərəflərin qarşılıqlı hörmət,
bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında
münasibətləri davam etdirmək niyyətində olduqlarını nümayiş
etdirdi.
Görüş zamanı Vladimr Putin “Azərbaycan Hava Yolları” QSC-yə
(“AZAL”) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı
başsağlığını çatdırıb.
Qeyd olunub ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və
yaxın vaxtda başa çatacaq. Rusiya Prezidenti hadisə haqda bildirib
ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya
HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr
təyyarəyə dəyib. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və
günahkarlar cəzalandırılacaq.
Təyyarə insidenti ilə bağlı məsələnin Rusiya tərəfindən artıq
“həll olunmuş məsələ” kimi təqdim edilməsi, diplomatik
münasibətlərin üzərindəki gərginlik kölgəsinin aradan qalxdığını
deməyə əsas verir. Azərbaycan tərəfi, hadisənin emosional deyil,
məntiqi və qarşılıqlı anlaşma əsasında dəyərləndirilməsinə üstünlük
verərək, münasibətlərin strateji xarakterini qorumaq xəttini davam
etdirdi.
Görüş həm də göstərdi ki, Azərbaycan-Rusiya münasibətlərini
pozmağa çalışan üçüncü qüvvələrin cəhdləri iflasa uğrayıb. Xüsusilə
Rusiya ictimai-siyasi dairələrində fəaliyyət göstərən bəzi
ermənipərəst fiqurlar Simonyan, Solovyov, Zatulin və başqaları uzun
müddətdir ikitərəfli münasibətlərə kölgə salmağa, süni gərginlik
yaratmağa çalışırdılar. Lakin dövlət başçılarının birbaşa və səmimi
təmasları bu cəhdlərin nəticəsiz qaldığını ortaya qoydu.
Prezident Putinin media qarşısında verdiyi açıqlamalar həm də
Azərbaycanın narahatlığını doğuran bir məsələ Rusiyada
anti-Azərbaycan ritorikasının və informasiya təxribatlarının
qarşısının alınması ilə bağlı aydın mesaj idi. Bu bəyanat,
Moskvanın rəsmi dairələrinin destruktiv təbliğatdan uzaqlaşmaq və
münasibətləri strateji əməkdaşlıq ruhunda saxlamaq istəklərini
nümayiş etdirdi.
Əslində bu görüş, son dövrdə regionda formalaşan yeni reallıqlar
fonunda Azərbaycan və Rusiyanın bir-birini vacib tərəfdaş və
regional sabitlik amili kimi görməyə davam etdiyini sübut etdi.
Cənubi Qafqazda sülh prosesinin irəliləməsi,
nəqliyyat-kommunikasiya xətlərinin açılması və təhlükəsizlik
məsələlərinin koordinasiyası baxımından Bakı və Moskva arasında
əməkdaşlıq hələ də mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, bu görüş ikitərəfli münasibətlərdə praktik
əməkdaşlığa, qarşılıqlı inamın bərpasına və strateji dialoqun
yenilənməsinə doğru mühüm addım kimi dəyərləndirilə bilər.
Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi göstərdi ki,
iki ölkə münasibətləri üçüncü qüvvələrin təxribatlarından deyil,
qarşılıqlı maraqlar və regionun sabitliyi naminə əməkdaşlıq
prinsiplərindən qaynaqlanır.

