Oktyabrın 8-də ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya
parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament
nümayəndə heyəti Milli Məclisə gəlib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra
Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç
burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya
parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə
görüş olub.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə
parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı,
ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına
öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz
arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi,
əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı
səfərlərin mühüm rolu qeyd edilib.
Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində
ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylikdən məmnunluğunu
bildirərək, COP29 çərçivəsində Xorvatiyanın ölkəmizin
təşəbbüslərinə verdiyi fəal dəstəyin və Baş nazir Andrey
Plenkoviçin bu mühüm tədbirdə iştirakının yüksək
qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerji
təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri,
iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafı
və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova qonağa həmçinin Ermənistanla sülh
müqaviləsinin paraflanması barədə məlumat verib.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Xorvatiya
Parlamentinin sədri Qordan Yandrokoviç bu gün Prezident İlham
Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi
bütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezliklə
Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionun
inkişafına mühüm töhfə olacağını qeyd edib. Parlament sədri
ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o
cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb,
Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin
ediilməsində rolunu vurğulayıb.

