
Bakı. Trend:
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci
Zirvə Görüşü təkcə dost və qardaş xalqların növbəti görüşü deyil,
eyni zamanda, türk dünyasının gələcək inkişaf istiqamətlərini
müəyyənləşdirən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər.
Cənab Prezident İlham Əliyevin bu Zirvə toplantısındakı çıxışı bir
daha göstərdi ki, Azərbaycan türk dövlətləri arasında həm siyasi
nüfuzu, həm iqtisadi gücü, həm də diplomatik çevikliyi ilə bu
birliyin aparıcı dayaqlarından biridir. Onun sözləri bir
konsepsiyanı təsdiqlədi: artıq Türk Dövlətləri Təşkilatı sadəcə
əməkdaşlıq platforması deyil, geosiyasi mərkəz statusuna
yüksəlir.
Bu sözləri
Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamaləddin
Qafarov deyib.
Millət vəkili qeyd edib ki, türk xalqlarının ortaq tarixi, etnik
və mənəvi dəyərlərə sahib olduqları barədə Prezident İlham Əliyevin
səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısının
çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə
bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf
konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri
aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin
qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan
əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi
təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin
hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu
istiqamətdə praktiki dəstəyin ifadəsidir. Türk Dövlətləri
Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də
regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik,
demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial
təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Cənab Prezident
İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə
tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək
bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən
əsas amildir.”
K. Qafarov Azərbaycanın təşkilat çərçivəsində həyata keçirdiyi
təşəbbüslərin həm də ölkəmizin müstəqil və praqmatik xarici siyasət
xəttinin uğurlu nəticəsi olduğunu da vurğulayıb: “Şuşada,
Budapeştdə və bu dəfə Qəbələdə keçirilən zirvə görüşləri türk
həmrəyliyinin yeni mərhələsini formalaşdırır. Məhz cənab Prezident
İlham Əliyevin təşəbbüsləri sayəsində TDT- də həm siyasi, həm də
iqtisadi inteqrasiyanın konturları daha dəqiq müəyyənləşir.
Dövlətimizin başçısı təşkilatı “vahid güc mərkəzi” kimi təqdim
etməklə türk dünyasının strateji məqsədini açıq şəkildə ifadə etdi.
Bu gün türk dövlətlərinin birliyi yalnız etnik və mədəni ideya
deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından yeni əməkdaşlıq
modelidir. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqları
qorumaqla, eyni zamanda, ortaq mənafeyə xidmət etmək mümkündür. Bu
model türk birliyinin dayanıqlı gələcəyinə inamı artırır. Qəbələdə
səslənən fikirlər isə bir daha təsdiq etdi ki, türk dünyasının
sabahı birgə gücdə və qarşılıqlı etimadda olmaqla, strateji
həmrəyliyə söykənir.”

