Azərbaycanda içməli suyun tarifləri dəyişməlidir: amma necə?

Baş səhifə

Suyun dəyərini anlamaq XXI əsrin ən ciddi çağırışlarından
biridir. Azərbaycan üçün bu, təkcə ekoloji problem deyil – milli
təhlükəsizlik və iqtisadi davamlılıq məsələsidir. İqlim
dəyişikliklərinin dərinləşdiyi, yağıntıların azaldığı və
transsərhəd çay axınlarının getdikcə zəiflədiyi bir dövrdə suyun
qiyməti deyil, onun idarəolunması və səmərəli bölüşdürülməsi
strateji əhəmiyyət kəsb edir. Məhz buna görə də diferensial tarif
siyasəti bu gün iqtisadi, sosial və ekoloji baxımdan milli
sabitliyin əsas alətlərindən birinə çevrilib. Bu, artıq sırf
infrastruktur və ya kommunal məsələ deyil – dövlət siyasətinin,
milli təhlükəsizliyin və gələcək nəsillərin təminatının ayrılmaz
hissəsidir.

Azərbaycanın ümumi su ehtiyatı 32 milyard kubmetr civarındadır,
amma bunun təxminən 70 faizi ölkə hüdudlarından kənarda – əsasən
Gürcüstan, İran və Ermənistan ərazilərində formalaşır. Bu asılılıq,
xüsusilə Araz, Kür və Tərtər hövzələrində siyasi və ekoloji
riskləri kəskinləşdirir. 2024-cü ilin məlumatına görə, ölkə üzrə
illik təmizlənmiş içməli su istehsalı 1,5 milyard m³, suvarma üçün
istifadə olunan su isə 9,2 milyard m³ təşkil edib. Bunun təxminən
35 faizi texniki və fiziki itkilər nəticəsində itirilib.

Dünya Bankının son hesabatına əsasən, Azərbaycanın su sektorunda
“Qeyri-Gəlirli Su” (Non-Revenue Water, NRW) səviyyəsi 43-46 faiz
aralığındadır. Bu, Avropa orta göstəricisindən (20-25%) iki dəfə
çoxdur. Yalnız Bakıda ildə 200 milyon m³-dən artıq su ya sızma, ya
da qeydiyyatsız istehlak nəticəsində itir. Bu, iqtisadi baxımdan
120 milyon manatlıq illik zərər deməkdir.

Hazırda ölkədə tətbiq edilən 0.70 AZN/m³ sabit tarif modeli
bütün istehlakçılar üçün eynidir. Bu sistemdə suya qənaət edənlə
israf edən arasında fərq yoxdur. Statistikaya əsasən, Bakı
şəhərində orta ailə aylıq 18-20 m³ su sərf edir. Bu, illik 240 m³
istehlak deməkdir. Əgər diferensial sistem tətbiq edilsə, məsələn,
ilk 100 m³ üçün 0.40 AZN, 100–300 m³ üçün 0.80 AZN, bundan yuxarı
üçün isə 1.20 AZN təyin olunsa, həm sosial ədalət, həm də qənaət
mexanizmi yaranar.

Fransa və Belçikada aparılan tədqiqatlar göstərir ki, belə
sistemlərin tətbiqi ilk iki il ərzində ev təsərrüfatı üzrə su
sərfini orta hesabla 15-20 faiz azaldır. Türkiyənin İzmir və Konya
bölgələrində IBT tətbiqindən sonra kənd təsərrüfatı suyu istehlakı
1000 hektar əkin sahəsi üzrə 12-15 faiz azalıb. Azərbaycan üçün bu
göstərici ildə 300-400 milyon m³ qənaət potensialı deməkdir.

Fransa, Türkiyə, İsrail və İspaniyanın su idarəçiliyi modelləri
müxtəlif sosial, texnoloji və ekoloji yanaşmalarla fərqlənir, lakin
hamısında əsas məqsəd eyni – su resurslarının səmərəli istifadəsini
təmin etmək və bərpa xərclərini sosial ədalət prinsipi ilə
balanslaşdırmaqdır. Fransa nümunəsində, Dunkerq şəhərində 2012-ci
ildən tətbiq olunan “Eko-Sosial Su Tarifi” modeli üçpilləli sistemə
əsaslanır. İlk 80 m³ “həyati istehlak” kimi qiymətləndirilir və
sosial minimum həddini aşmır.

Sonrakı bloklarda qiymətlər tədricən artır. Bu yanaşma
nəticəsində əhalinin 80 faizi üçün illik su xərci azalıb, orta
istehlak 83 m³-dən 67 m³-ə düşüb. Yəni, il ərzində 20 faiz su və 12
faiz enerji qənaəti əldə edilib. Eyni zamanda, xidmətin xərclərinin
bərpası səviyyəsi 97 faizə çatıb, bu da sistemin iqtisadi
davamlılığını təmin edir. Türkiyənin təcrübəsi daha çox kənd
təsərrüfatına yönəlib. DSİ və İSKİ tərəfindən tətbiq olunan
“volumetrik tarif” sistemi hər kubmetr suyun faktiki istifadəsinə
görə ödəniş nəzərdə tutur. Bu yanaşma sahə üzrə sabit tarifdən
fərqli olaraq, suvarmada məsuliyyət hissini artırır.

Konyadabu model tətbiq olunduqdan sonra suvarma səmərəliliyi 35
faiz artıb, yeraltı su səviyyəsi isə 2–3 metr sabitləşib. Türkiyə
Su İdarəetmə Baş Planına (2023–2035) əsasən, 1 kubmetr üçün orta
tarif 0.5–1.2 TRY aralığındadır və sektorlar üzrə fərqləndirilir.
İsraildə su idarəçiliyi texnoloji və diferensial tarif
prinsiplərinə əsaslanır. Burada bütün su istehlakı ölçülür və ev
təsərrüfatlarında 4 pilləli sistem tətbiq olunur: ilk blokda, yəni
insanın birbaşa ehtiyacını təmin edən səviyyədə, 1 m³ suya görə 0.6
USD, ən yüksək pillədə isə 2.1 USD ödəniş edilir. İsrail suyun 90
faizini təkrar emal edir və bu, kənd təsərrüfatına ildə 500 milyon
m³ təmizlənmiş suyun geri qaytarılmasına şərait yaradır.

Azərbaycanda bu göstərici hazırda 5–6 faizdir, yəni İsrail
səviyyəsinə çatmaq üçün 15 dəfə artım tələb olunur. İspaniyanın
Kataloniya və Valensiya regionlarında isə “çirkləndirən ödəyir”
prinsipi ilə yanaşı, “resurs bərpa xərci” komponenti də tariflərə
əlavə olunur.

Məsələn, Kataloniyada 1 m³ üçün orta qiymət 0.85 EUR təşkil
edir, bunun 0.15 EUR-u xüsusi ekoloji bərpa fonduna yönəldilir. Bu
vəsaitlə çay hövzələrinin ekosistemləri bərpa olunur, sızmaların
qarşısı alınır və su dövriyyəsinin ekoloji tarazlığı qorunur. Bu
model Azərbaycanda da tətbiq oluna bilər: su tariflərinin müəyyən
hissəsi “Su Resurslarının Qorunması Fondu”na yönəldilərək ekoloji
və texnoloji layihələrin maliyyələşdirilməsinə xidmət edə
bilər.

Azərbaycanın su ehtiyatları son on ildə iqlim amillərinin təsiri
ilə 15–20 faiz azalıb. Hidroloji müşahidələr göstərir ki, Kür və
Araz çaylarının illik axımı 2010-cu illə müqayisədə orta hesabla 12
milyard m³-dən 9,8 milyard m³-ə enib. Qafqazda qar örtüyünün
azalması və erkən ərimə nəticəsində çay axınlarının pik dövrləri
artıq yazın əvvəllərinə çəkilib, bu isə suvarma mövsümündə su
çatışmazlığı yaradır.

FAO-nun 2024-cü il “AquaStat” məlumatına görə, Azərbaycan
dünyada “orta səviyyədə su stresinə məruz qalan ölkələr” qrupuna
daxildir: hər nəfərə düşən təmiz su ehtiyatı cəmi 1000–1100 m³
təşkil edir (beynəlxalq təhlükə həddi – 1700 m³).

2050-ci ilə qədər yağışların azalması və temperaturun artması
nəticəsində ölkənin şirin su ehtiyatlarının 25–30 faiz azalacağı
proqnozlaşdırılır. Əgər su idarəetməsində köklü dəyişikliklər
edilməzsə, 2040-cı ildən sonra su qıtlığı iqtisadi artım tempinə
birbaşa təsir göstərəcək. Kənd təsərrüfatı məhsuldarlığı 10–12 faiz
azalacaq, elektrik enerjisi istehsalında hidroresursların payı isə
18 faizdən 12 faizə enəcək.

Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu suvarmaya sərf
olunur, lakin səmərəlilik səviyyəsi çox aşağıdır. Hazırda ölkə üzrə
suvarma səmərəliliyi 38–40 faiz civarındadır. Bu o deməkdir ki,
suyun yarısından çoxu ya buxarlanır, ya da kanallarda sızmalarla
itir. Müqayisə üçün, Türkiyədə bu göstərici 60, İsraildə isə 85
faizdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü
ildə 1,4 milyon hektar suvarılan torpaq sahəsinin 480 min
hektarında ciddi su çatışmazlığı müşahidə olunub.

Dünya Bankı və FAO-nun “Azərbaycan Suvarma Effektivliyi
Layihəsi” (AIWE) çərçivəsində aparılan hesablamalara görə, əgər
suvarma sistemləri 2030-cu ilə qədər tam modernləşdirilərsə, ildə
əlavə 1,1 milyard m³ su qənaət edilə bilər. Bu isə Mingəçevir su
anbarının ümumi tutumunun 7 faizinə bərabərdir.

Diferensial tarif sistemi, xüsusilə kənd təsərrüfatı üçün həcmi
əsaslı qiymət mexanizmi, fermerlərin suya məsuliyyətini artırar.
Türkiyə modelinə bənzər şəkildə, suvarma sistemlərinə smart
sayğaclar və sensor əsaslı monitorinq tətbiqi ilə su sərfiyyatını
real vaxtda izləmək mümkündür. Pilot layihələr göstərir ki, belə
texnologiyaların tətbiqi bir hektar sahədə 350–400 m³ su qənaətinə
gətirib çıxarır.

Diferensial tariflər tətbiq olunarkən sosial ədalətin təmin
edilməsi əsas prinsip olmalıdır. Azərbaycan əhalisinin təxminən 25
faizi aşağı və orta gəlirli təbəqəyə aiddir. Bu, 2,7 milyon nəfər
deməkdir. Onların su sərfiyyatı adətən ayda 6–10 m³ aralığındadır.
Əgər IBT sistemində birinci blok (məsələn, 0–10 m³) üçün 0.40
AZN/m³ təyin olunsa, bu ailələr üçün xərclər artmayacaq, əksinə,
azalacaq. İkinci blokda (10–25 m³) 0.80 AZN, üçüncü blokda isə 1.20
AZN müəyyənləşdirməklə, həm sosial müdafiə, həm də qənaət təşviqi
təmin oluna bilər.

Fransada və Belçikada tətbiq olunan “çarpaz subsidiya” modeli
göstərir ki, yüksək istehlakçılardan (kommersiya və sənaye
obyektləri) əldə edilən gəlirin 20–25 faizi sosial blokların
subsidiyalaşdırılmasına yönəldilməklə, dövlət büdcəsinə əlavə yük
yaranmır. Azərbaycan üçün bu mexanizm əhalinin sosial narazılığını
minimuma endirəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il
hesabatına əsasən, ölkədə əhali üzrə sayğaclaşdırma səviyyəsi 65
faizdir. Yəni, 1,5 milyon abonentin hələ də istehlakı ölçülmür.
Tarif diferensiasiyasının tətbiqi üçün bu göstəricinin ən azı 95
faizə çatdırılması vacibdir. Bu məqsədlə 2025–2028-ci illər üçün
“Tam Sayğaclaşdırma Proqramı” hazırlanır. Layihəyə görə, 300 min
yeni smart sayğac quraşdırılacaq, bunlar uzaqdan oxunma və analitik
hesabat funksiyasına malik olacaq.

Beynəlxalq təcrübə göstərir ki, sayğaclaşdırma səviyyəsi 90
faizdən yuxarı olan ölkələrdə su israfı 25–30 faiz azalır. Məsələn,
Portuqaliyanın Porto şəhərində smart su şəbəkəsi tətbiq edildikdən
sonra illik itkilər 38 faizdən 21 faizə düşüb. Azərbaycanın
paytaxtı üçün bu, ildə təxminən 100 milyon m³ su qənaəti
deməkdir.

Azərbaycanda suyun dəyərinin artmasına və tarif islahatının
zəruriliyinə səbəb olan əsas amillərdən biri infrastrukturun
köhnəlməsi və itkilərin yüksək səviyyəsidir. 2024-cü ilin rəsmi
məlumatına əsasən, su təchizatı sistemlərində itkilərin orta
səviyyəsi 43 faiz təşkil edir. Bu, hər il 650 milyon kubmetr suyun
sızma, oğurluq və qeydə alınmayan istehlak nəticəsində itirilməsi
deməkdir. Müqayisə üçün, Avropa İttifaqında orta NRW göstəricisi 23
faiz, Yaponiyada 8 faiz, İsraildə isə cəmi 5 faizdir.

Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə əsas magistral
kəmərlərin 60 faizi 1970–1980-ci illərdə çəkilib və istismar
müddətini çoxdan keçib. Bakı şəhərində 2024-cü ildə 14 200 su
sızması hadisəsi qeydə alınıb. Bu hadisələrin 70 faizi daxili
paylayıcı şəbəkələrdə baş verir. Hesablamalara görə, yalnız
paytaxtda hər il itirilən suyun bərpası üçün 90 milyon manatlıq
enerji sərf olunur.

Dünya Bankının “Water Efficiency and Resilience for Azerbaijan”
adlı 2023-cü il hesabatında göstərilir ki, əgər NRW səviyyəsi
2040-cı ilə qədər 25 faizə endirilsə, ölkə hər il əlavə 300 milyon
m³ su və 40 milyon manat əməliyyat xərci qənaət edə bilər. Bu
qənaət, tariflərin sosial hissəsinin subsidiyalaşdırılması üçün
potensial mənbə ola bilər.

NRW-nin (itirilmiş və ya uçota alınmayan suyun) azaldılması su
təsərrüfatında həm iqtisadi, həm də ekoloji baxımdan prioritet
məsələdir. Bu məqsədlə iki əsas istiqamət üzrə sistemli tədbirlərin
həyata keçirilməsi təklif olunur.

Birinci istiqamət infrastrukturun bərpası və
modernləşməsi
ilə bağlıdır. 2030-cu ilə qədər ən azı 10
min kilometr köhnə boru kəmərinin yenilənməsi planlaşdırılmalıdır.
Çünki köhnəlmiş şəbəkələr su itkisinə səbəb olmaqla yanaşı, həm də
enerji sərfiyyatını və istismar xərclərini artırır. Yeni,
enerji-effektiv və davamlı materiallardan hazırlanmış boru
sistemləri itkilərin qarşısını almaqda mühüm rol oynaya bilər.

İkinci istiqamət isə dövlət-özəl tərəfdaşlığı
(PPP)
modelinin tətbiqidir. Xüsusən Bakı və Sumqayıt kimi
iri şəhərlərdə su itkisinə qarşı performans əsaslı
müqavilələr
in (Performance-Based Contracts) tətbiqi
effektiv nəticə verə bilər. Bu mexanizmə görə, özəl şirkətlər
dövlətlə bağladıqları müqavilə çərçivəsində itkilərin azaldılması
üzrə konkret nəticələrə nail olduqları halda, əlavə gəlir əldə
edirlər.

Beləliklə, məsuliyyət və maraqlar balansı formalaşır. Braziliya,
Türkiyə və Qazaxıstanda bu model artıq özünü doğruldub və su
itkisini 15–25 faiz arasında azaltmağa nail olunub. Azərbaycan üçün
də bu təcrübənin tətbiqi yalnız texniki modernləşmə deyil, həm də
idarəetmədə səmərəliliyin artırılması baxımından strateji addım ola
bilər.

Azərbaycanın su ehtiyatlarının 72 faizi ölkə sərhədlərindən
kənarda formalaşdığı üçün transsərhəd əməkdaşlıq su
təhlükəsizliyinin əsas sütunlarından biridir. Kür çayı hövzəsinin
65 faizi Gürcüstan, Araz çayı hövzəsinin isə 40 faizi İran
ərazisində yerləşir. Ermənistanın yuxarı axınlarda – xüsusilə Oxçu
və Tərtər çaylarında – sənaye tullantılarını təmizləmədən buraxması
ekoloji təhlükəni artırır.

Azərbaycan “Sərhəddən keçən su axınlarının və beynəlxalq
göllərin mühafizəsi haqqında” BMT Konvensiyasına 2000-ci ildən
üzvdür. Lakin qonşu Ermənistan bu sənədə qoşulmadığından, vahid
hövzə idarəçiliyi çətinləşir. BMT-nin Avropa İqtisadi
Komissiyasının (UNECE) 2024-cü il hesabatına əsasən, bu
koordinasiya çatışmazlığı nəticəsində Kür-Araz hövzəsində suyun
keyfiyyət göstəriciləri son beş ildə 18 faiz pisləşib.




Regional səviyyədə su ehtiyatlarının birgə idarə edilməsi üçün
Transsərhəd Çay Komissiyaları formatı yenidən
gündəmə gətirilməlidir. Türkiyə və Gürcüstan ilə bu istiqamətdə
təcrübə artıq mövcuddur: 2023-cü ildə Kür hövzəsində yaradılmış
“Regional Hidroloji Məlumat Mübadiləsi Platforması” ilkin mərhələdə
müsbət nəticə verib. Azərbaycan bu platformanı genişləndirərək İran
və Ermənistan istiqamətində də texniki əməkdaşlıq mexanizmləri
təklif edə bilər.

Diferensial tarif sisteminin tətbiqi həm də diplomatik cəhətdən
mühüm siqnal rolunu oynaya bilər: bu islahat Azərbaycanın
beynəlxalq su idarəetmə prinsiplərinə uyğunlaşmasını göstərərək,
BMT və Dünya Bankı ilə yeni maliyyə alətləri üzrə danışıqlar
mövqeyini gücləndirəcək.

Ekoloji və iqtisadi tarazlıq su siyasətində strateji önəm
daşıyır, çünki suyun real dəyərinin formalaşması həm resursların
davamlı istifadəsini, həm də ekosistemin qorunmasını təmin edir.
Əslində, suyun mövcud tariflərdəki qiyməti onun iqtisadi dəyərinin
yalnız kiçik bir hissəsini əks etdirir.

OECD-nin 2024-cü ildə dərc etdiyi “Water Pricing in Transition
Economies” hesabatında vurğulanır ki, suyun tam dəyəri üç əsas
komponentdən ibarətdir.

Birincisi, xidmət xərci – yəni suyun
toplanması, təmizlənməsi, daşınması və paylanması üçün tələb olunan
əməliyyat və texniki xidmət xərcləridir. Bu hissə sistemin gündəlik
işləkliyini və etibarlılığını təmin edir.

İkincisi, resurs dəyəri – su ehtiyatlarının
bərpası, yeni mənbələrin axtarışı və davamlı idarə edilməsi ilə
bağlı məsrəfləri əhatə edir. Bu, gələcək nəsillər üçün resursların
qorunmasına yönəlmiş strateji investisiyadır.

Üçüncüsü, ekoloji dəyər – suyun təbiətdəki
dövranını, ekosistemlərin sabitliyini və çirklənmənin qarşısının
alınmasını təmin edən xərcləri özündə birləşdirir. Bu komponent çox
vaxt nəzərdən qaçırılır, halbuki onun nəzərə alınmaması
uzunmüddətli ekoloji zərərlərə gətirib çıxarır. Deməli, suyun real
qiyməti yalnız iqtisadi hesablamaların deyil, həm də ekoloji
məsuliyyətin ifadəsidir.

Azərbaycanın su tarif siyasətində bu üçlü balansın qorunması həm
təbii resursların effektiv idarə olunmasına, həm də ölkənin yaşıl
inkişaf strategiyasına mühüm töhfə verə bilər.Azərbaycanda hazırda
yalnız birinci komponent – xidmət xərci – tarifdə əks olunur.
Halbuki inkişaf etmiş ölkələrdə suyun qiymətinin 15–25 faizi resurs
və ekoloji dəyərləri əhatə edir.

Əgər bu model Azərbaycanda mərhələli şəkildə tətbiq olunsa,
məsələn, hər kubmetr suyun qiymətinə əlavə 0.05 AZN “ekoloji
komponent” daxil edilsə, ildə 50 milyon manatlıq “Su Resurslarının
Qorunması Fondu” yaradıla bilər. Bu vəsaitlə çay hövzələrinin
bərpası, ekoloji monitorinq və sızma nəzarət sistemləri
maliyyələşdirilə bilər.

Tarif siyasətində şəffaflıq və ictimai iştirak islahatın uğurla
həyata keçirilməsi üçün həlledici əhəmiyyət daşıyır. İctimai etimad
olmadan heç bir qiymət artımı sosial baxımdan qəbul edilə
bilməz.

Əgər artımın səbəbləri, xərclərin strukturu və gəlirlərin
bölüşdürülməsi cəmiyyətə aydın izah olunmazsa, bu, narazılıq və
etimadsızlıq doğuracaq. Fransada 2022-ci ildə keçirilmiş “Eau et
Société” sorğusu da bunu təsdiqləyir: əhalinin 68 faizi suyun
qiymət artımını qəbul edib, amma yalnız o halda ki, onlar vəsaitin
necə və hara xərcləndiyini şəffaf şəkildə görə bilirlər. Azərbaycan
üçün də bu cür mexanizmlər zəruridir.

Tarif Şurasının qərarları ilə yanaşı, illik xərclər və gəlirlər
balansı ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. “Su
Monitorinq Platforması” yaradılaraq su istehlakı, itkilər və qiymət
dinamikası barədə məlumatlar interaktiv formatda göstərilməlidir.
Bundan əlavə, QHT-lərin və istehlakçı birliklərinin tənzimləmə
prosesinə müşahidəçi statusu ilə cəlb olunması təmin edilməlidir.
Belə bir şəffaflıq həm sosial razılaşmanı gücləndirəcək, həm də
beynəlxalq investorlar üçün etibarlı mühit yaradacaq. Nəticədə,
tarif siyasətinə ictimai iştirak və hesabatlılıq prinsiplərinin
daxil edilməsi həm iqtisadi sabitliyə, həm də sosial ədalətə xidmət
edəcək.

Azərbaycan üçün diferensial tarif modelinə keçid birdəfəlik
deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Qlobal təcrübələr
göstərir ki, belə islahatlar yalnız planlı keçid mərhələləri ilə
ictimai və iqtisadi riskləri azaldır. Bu baxımdan, beşmərhələli
plan optimal hesab olunur.

Hazırlıq mərhələsi (2025–2026) dövründə bütün
şəhər və rayonlarda istehlak səviyyələrinin analitik xəritələnməsi
aparılmalı, aşağı gəlirli təbəqələrin, sosial müdafiə qruplarının
və iri istehlakçıların profili müəyyənləşdirilməlidir. Paralel
olaraq, IBT, volumetrik və qarışıq modellər üzrə tarif
simulyasiyaları həyata keçirilməli, smart sayğacların
quraşdırılması və məlumat bazasının tamlaşdırılması təmin
olunmalıdır.

Pilot mərhələsi (2026–2027) Bakı, Gəncə və
Mingəçevir şəhərlərində IBT sisteminin sınaq tətbiqini, hər region
üçün tarif elastikliyi və su istehlak reaksiyasının ölçülməsini
əhatə etməlidir. Bu mərhələdə Dünya Bankı və OECD ilə texniki
məsləhətçi dəstəyi təmin edilməli, əldə olunan nəticələr üzrə
sosial təsir analizi aparılmalıdır.

İnteqrasiya mərhələsi (2028–2029) diferensial
tariflərin ölkə üzrə tətbiqini, “Azərsu” və ADSEA üçün vahid
elektron hesabat və monitorinq platformasının yaradılmasını nəzərdə
tutur. Tarif Şurası nəzdində “Su Tarifləri İctimai Şurası” təsis
edilməli, bu quruma iqtisadçılar, ekoloqlar, kənd təsərrüfatı və
sosial siyasət ekspertləri daxil edilməlidir.

Bərpa mərhələsi (2030–2035) tarif gəlirlərindən
formalaşan “Su Resurslarının Qorunması Fondu”nun fəaliyyətə
başlaması ilə xarakterizə olunur. Bu fond vasitəsilə çay
hövzələrinin bərpası, suvarma infrastrukturu və ekoloji monitorinq
layihələri maliyyələşdirilməli, yeraltı suların istismarına kvota
sistemi tətbiq edilməlidir.

Davamlılıq mərhələsi (2035–2040) dövründə
tariflər və sosial güzəştlər avtomatlaşdırılmış indeksləşmə
mexanizmi ilə yenilənməli, enerji və su təchizat sistemlərinin
inteqrasiya olunmuş idarəetmə modelinə keçid təmin edilməlidir.
Nəticədə, su sektoru tam şəffaf hesabat sisteminə əsaslanacaq və
beynəlxalq audit standartlarına uyğunlaşdırılacaq.

Dünya Bankı və OECD-nin hesablamalarına əsasən, IBT modelinin
tətbiqi nəticəsində Azərbaycan 2030-cu ilə qədər mühüm iqtisadi və
ekoloji nəticələr əldə edə bilər. Ümumi su sərfiyyatının 15–20 faiz
azalması illik 400–500 milyon kubmetr qənaət deməkdir.
Qeyri-gəlirli suyun payı 43 faizdən 25 faizə enəcək, tarif
gəlirləri isə 1,5 dəfə artacaq. Bu proses dövlət subsidiyalarının
azalması ilə yanaşı, sosial blok üzrə 1,8 milyon ailənin aylıq
xərclərinin sabit qalmasını təmin edəcək. Ümumilikdə, 10 il ərzində
təxminən 3 milyard manatlıq əlavə investisiya potensialı
formalaşacaq.

Azalan su sərfiyyatı həm enerji istehlakını, həm də karbon
emissiyalarını azaldacaq. Hazırda suyun təmizlənməsi və paylanması
qlobal enerji sərfiyyatının 4 faizini təşkil edir, Azərbaycanda isə
bu göstərici 6 faiz civarındadır. Su sərfiyyatının 20 faiz azalması
illik 200 milyon kWh elektrik enerjisinə qənaət deməkdir.

Hazırda “Su haqqında” (1997), “Təbii ehtiyatların qorunması
haqqında” (1998) və “Dövlət Rüsumları haqqında” qanunlar su
istifadəsini tənzimləyən əsas sənədlərdir. Lakin bu qanunlar
diferensial tarif prinsiplərini tam əhatə etmir. 2025-ci ildən
etibarən ADSEA və Tarif Şurası bu qanunlara dəyişikliklər
layihəsini hazırlamalıdır.

Yeni redaksiyada “suyun iqtisadi dəyəri” anlayışı hüquqi şəkildə
müəyyənləşdirilməli, “çirkləndirən ödəyir” və “istifadə edən bərpa
edir” prinsipləri tətbiq edilməlidir. Tarif gəlirlərinin bir
hissəsi “Su Resurslarının Qorunması Fondu”na yönəldilməli, su
israfına görə inzibati məsuliyyət sərtləşdirilməlidir. Məsələn,
qeyri-qanuni qoşulmalara görə üçqat cərimə sistemi tətbiq oluna
bilər.

Su israfı təkcə iqtisadi deyil, həm də mədəni problemdir. Bakı
əhalisinin 40 faizi suyun real dəyərindən xəbərsizdir, 65 faizi isə
israfı “əhəmiyyətsiz” sayır. Buna görə də diferensial tariflərlə
yanaşı, geniş ictimai maarifləndirmə kampaniyaları həyata
keçirilməlidir.

ADSEA və Kütləvi İnformasiya Vasitələri üçün su qənaəti
mövzusunda maarifləndirici proqramlar hazırlanmalı, məktəblərdə “Su
iqtisadiyyatı” mövzusunda dərs modulları tətbiq edilməlidir. “Hər
damla qiymətlidir” kimi sosial reklamlar televiziya və rəqəmsal
platformalarda yayılmalıdır. Fransada bu cür kampaniyalardan sonra
5 il ərzində ev təsərrüfatlarının su sərfiyyatı 12 faiz azalıb.
Azərbaycan üçün bu, ildə 250 milyon kubmetr su qənaəti
deməkdir.

Azərbaycanın su təhlükəsizliyi artıq enerji təhlükəsizliyi qədər
strateji məsələdir. Transsərhəd asılılıq, iqlim dəyişiklikləri,
səmərəsiz infrastruktur və sosial israfçılıq şəraitində diferensial
tarif siyasəti qaçılmazdır.

Tarif Şurasına əsas tövsiyələr belədir: limitlər illik əsasda
müəyyən edilməli, aşağı blok üçün (həyati istehlak) qiymət 0.40
AZN/m³ səviyyəsində saxlanmalı, orta blok (10–25 m³) üçün 0.80 AZN,
yüksək blok üçün 1.20 AZN tətbiq olunmalıdır. Sosial müdafiə
mexanizmləri avtomatlaşdırılmış sistemlə inteqrasiya edilməli, kənd
təsərrüfatında volumetrik qiymət sistemi və səmərəlilik əsaslı
güzəştlər tətbiq olunmalıdır.

Tarif gəlirlərinin bir hissəsi “Su Resurslarının Qorunması
Fondu”na yönəldilməli, qeyri-gəlirli su səviyyəsi 2040-cı ilə qədər
25 faizə endirilməlidir. 2030-cu ilə qədər bütün abonentlər üçün
100 faiz smart sayğaclaşdırma təmin edilməli, tarif qərarları
ictimai hesabatlılıq platformasında şəffaf şəkildə təqdim
olunmalıdır.

Bu kompleks yanaşma nəticəsində Azərbaycan həm daxili su
idarəetməsində effektivlik qazanacaq, həm də beynəlxalq səviyyədə
su diplomatiyasında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.
Suyun dəyəri yalnız tariflə deyil, həm də gələcək nəsillərə
ötürüləcək məsuliyyətlə ölçülür.