Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) infrastrukturun iqlimə
uyğun transformasiyası, enerji səmərəliliyinin artırılması və
logistikanın rəqəmsallaşdırılması istiqamətində tədbirləri ardıcıl
şəkildə həyata keçirir.
Trend xəbər verir
ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlərlə
əlaqələr şöbəsinin rəisi Turxan Əhmədov Bakı İqlim Fəaliyyəti
Həftəsində deyib.
“Biz infrastrukturdan başlayıb, ardınca əməliyyat proseslərinə
keçməklə və rəqəmsal platformalarla sonlandırmaqla iqlim-yönümlü
islahatların mərhələli şəkildə həyata keçirilməsi nəzərdən
keçiririk”, -deyə o bildirib.
T.Əhmədov qeyd edib ki, infrastruktur səviyyəsində Orta Dəhlizin
Azərbaycan hissəsinin əsas xəttində müasir dəyişkən cərəyan
(AC-çəkmə) sistemi tətbiq olunur. Bu, yanacaq sərfiyyatını
azaltmağa və karbon izini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan
verəcək. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən yeni dəmir yolları
isə müasir Avropa standartlarına cavab verir.
Onun sözlərinə görə, əməliyyat səviyyəsində “yaşıl enerji”
sahəsində layihələr reallaşdırılır. Həmçinin Asiya İnkişaf Bankı
(AİB) ilə karbon tutma texnologiyalarının tətbiqi istiqamətində iş
aparılır.
T.Əhmədovun sözlərinə görə, informasiya sistemlərinin
harmonizasiyasını və yüklərin real vaxt rejimində izlənməsini əhatə
edən “Rəqəmsal Ticarət Dəhlizi” layihəsi icra olunub.
“Rəqəmsallaşma artıq nəzərəçarpacaq nəticələr verir. Elektron sənəd
dövriyyəsi və yüklərin onlayn monitorinqi vaxta ciddi qənaət etməyə
və xərcləri azaltmağa imkan yaradır”, – o vurğulayıb.

