
Bakı. Trend:
İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı
cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində
ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,
David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya
şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun
sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli
Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində
cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri
bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə
müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin
edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət
ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı,
həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova
iştirak ediblər.
Əvvəlcə ötən məhkəmə iclasında çıxışına başlayan
təqsirləndirilən Arkadi Qukasyana söz verilib. O, çıxışını davam
etdirərək ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini
deyib.
Daha sonra təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi çıxış
edərək məhkəmədən hüquqlarını qoruduğu təqsirləndirilən şəxs
barəsində bəraət hökmünün çıxarılmasını və 2026-cı il 5 fevral
tarixli hökmün ləğv edilməsini xahiş edib.
Ardınca çıxış edən Vasili Beqlaryan da ittiham olunduğu maddələr
üzrə özünü təqsirli bilmədiyini deyib.
Daha sonra təqsirləndirilən Bako Sahakyanın vəkili çıxış edərək
məhkəmədən müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün
çıxarılmasını xahiş edib.
Təqsirləndirilən Bako Sahakyanın digər vəkili isə 2026-cı il 5
fevral tarixli hökmün ləğvini, müdafiə etdiyi şəxsin barəsində
bəraət hökmünün çıxarılmasını və verilmiş apellyasiya şikayətinin
təmin olunmasını məhkəmədən xahiş edib.
Bako Sahakyan çıxışı zamanı cinayət işi üzrə ona elan olunan
ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası iyulun 14-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il
tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan,
David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan
məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako
Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik
Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il,
Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il
müddətinə azadlıqdan məhrum ediliblər.

