
Bakı. Trend:
Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları bu ilin
aprelində Azərbaycanda saxlanılaraq barələrində həbs qətimkan
tədbiri seçilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Özbəkistan Respublikasının vətəndaşları – 1981-ci il
təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il
təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət
məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına
dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin
edilib:
“Belə ki, Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli
miqdarda ziyan vurmaqla mənimsəmə, habelə ağır nəticələrə səbəb
olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərinin
törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş
Raxmatullo Mirzaalimov və Azamatcon Toxtasinov 2026-cı ilin aprel
ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barələrində həbs
qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya
əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar
qəbul edilərək, sonuncular Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan
Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər”.

