
Bakı. Trend:
Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, mənəviyyat, incəsənət
festivalının təntənəli açılışı keçirilib. Festival Heydər Əliyev
Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub,
Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO)
ilə tərəfdaşlıq əsasında reallaşıb.
Trend xəbər verir
ki, festivalın açılışında “Əbədi həqiqətin axtarışında” mövzusunda
Beynəlxalq Forum keçirilib.
Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada,
Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminən
yetmiş tədqiqatçı və alim iştirak edib.
Tədbirin qonaqlarından biri – Humanitar və Mədəni Tədqiqatlar
İnstitutunun (Institute for Humanities and Cultural Studies)
professoru Sayed Cavad Miri (İran) panel sessiyada “Nəsiminin
mistik aləminin vəyhi” adlı məruzə ilə çıxış edib.
“Bu gün burada, Bakıda çıxış etmək mənim üçün böyük şərəfdir.
Mən bu şəhərə artıq beşinci dəfədir səfər edirəm. Lakin məhz bu
dəfə ilk dəfə olaraq Nəsimi Beynəlxalq Festivalında iştirak etmək
kimi nadir imkana yiyələnmişəm – bu, həqiqətən yüksək səviyyədə
təşkil olunmuş bir tədbirdir. İmadəddin Nəsimi elə bir şəxsiyyətdir
ki, onun əhəmiyyəti zaman və məkan sərhədlərini çoxdan aşır. Onun
irsi bu gün də yaşayır və aktualdır, çünki o, ən başlıca olan
insana, onun ruhuna, daxili dünyasına müraciət edir”, – deyə
Trend-ə Seyid Cavad Miri bildirib.
Onun sözlərinə görə, Nəsimi yaradıcılığının ən mühüm
cəhətlərindən, əsas məqamlarından biri insana məhəbbət
ideyasıdır.
“Və bu məhəbbət, Nəsimiyə görə, ətraf aləmə, təbiətə, həyata,
bütün canlılara səmimi və dürüst münasibətdən doğur. Nəsiminin
öyrətdiyi kimi, məhəbbətsiz kainatın mövcudluğu mümkün deyil.
Məhəbbət olmadıqda, zamanların – keçmiş, indi və gələcəyin
insanlığı ilə bağ qırılır. Elə məhz məhəbbət nəsilləri,
mədəniyyətləri, sivilizasiyaları birləşdirən həmin o telə
çevrilir”, – deyə professor vurğulayıb.
Nəsimi Festivalı barədə danışarkən o, bunun sadəcə mədəni hadisə
deyil, həm də bir daha dünyaya daxili işığın dəyərini, sözün
qüdrətini və böyük nəzmin daşıdığı əbədi həqiqətləri xatırlatmaq
imkanı olduğunu qeyd edib.

