
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə
və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı
Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi
sentyabrın 23-də davam etdirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal
Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında
(ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə,
yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi
vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.
Sonra məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.
Trend xatırladır ki, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
aparılmışdır.

