
Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsinin xərclərinin 41 %-nin sosial
yönümlü xərclərə yönəldilməsi, Dövlət Sosial Müdafiə Fondunun həm
xərclərinin, həm də gəlirlərinin artımı, İşsizlikdən Sığorta Fondu
çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin
genişləndirilməsi təqdirəlayiqdir.
Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin üzvü
Soltan Məmmədov parlamentin bir neçə komitəsinin ortaq iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Məmmədov vurğulayıb ki, həm 2026-cı ilin dövlət büdcəsində,
həm də icmal büdcədə səhiyyəyə ayrılan vəsaitin artması ölkədə
uğurla həyata keçirilən icbari tibbi sığortanın bariz nümunəsidir.
Dövlət büdcəsinin xərcləri strukturunda səhiyyə xərclərinin xüsusi
çəkisinin 4,9 %-ə çatması və buradakı 1 % artım müşahidə olunması
da müsbət haldır.
“Xüsusilə, icmal büdcədə Dövlət İcbari Tibbi Sığorta Fondunun
2026-cı il üzrə xərclərinin əhəmiyyətli hissəsinin məhz cari ilin
sonuna qədər istifadə olunmamış gəlirlər hesabına qarşılanacağını
nəzərə alaraq, gələcəkdə fondun real gəlirləri kontekstində bu
siyasətin davamlılığı necə təmin olunacaq? İstərdim ki, bu haqda
məlumat verilsin.
Biz hər zaman xüsusi Dövlət Proqramlarının İcbari Tibbi Sığorta
Fondu çərçivəsində həyata keçirilməsini arzulamışıq və bu, bu gün
həyata keçirilir. Bilmək istərdim ki, hələ də dövlət proqramı
çərçivəsində maliyyələşdirilən həmin 6 proqramla yanaşı, digər 8
proqramın fond hesabına maliyyələşdirilməsi ilə bağlı qərarda hansı
göstəricilər əsas götürülüb? Çünki biz hər il qeyd edirik ki, bu
layihələrin icrasının monitorinqi çox önəmlidir”, – deyə deputat
bildirib.
Millət vəkili əlavə edib ki, bu proqramlar xüsusi həssas
qrupları və tam tibbi yardıma ehtiyacı olan insanları əhatə
edir.
“Eyni zamanda, ilkin səhiyyə xidmətinin inkişafı ilə bağlı da
müəyyən tədbirlərin genişləndirilməsini arzu edirəm. Bu gün
immunoprofilaktika proqramına ayrılan büdcənin artımı bizi
sevindirir. Bu da ilkin səhiyyə xidmətində böyük uğur kimi
qiymətləndirilə bilər.
Ümumilikdə, səhiyyə sahəsində gələcəkdə bu Dövlət Proqramlarının
sığorta büdcəsi hesabına maliyyələşdirilməsi və onların
monitorinqinin həyata keçirilməsi çox vacibdir”, – deyə o fikrini
tamamlayıb.

