Avtomobillərə əlçatanlıq asanlaşır: 2000 yeni maşın icarə sistemini geridə qoyacaq? – ARAŞDIRMA + FOTO

Cəmiyyət


Azərbaycanda avtomobillərin saatlıq və günlük icarəsini nəzərdə tutan yeni startap fəaliyyətə başlayacaq. 2024-cü ilin yanvarından işə düşəcək mobil tətbiq vasitəsilə istifadəçilər elektrikli nəqliyyat vasitələrini icarəyə götürə biləcəklər.

İlkin məlumatlara görə, 20 yaşına çatmış, iki il sürücülük təcrübəsi olan istənilən Azərbaycan vətəndaşı bu həldən istifadə edə biləcək. Elektrik avtomobilləri yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) həvalə edilmiş yerüstü dayanacaqlarda dayanacaq.

Öncə elektrik avtomobillərinin sayı 50 olacaq, sonra 200-ə, üç il müddətində isə 2000-ə çatdırılacaq. Avtomobillər Çin istehsalı olacaq.

Sistemin mənfi və müsbət tərəfləri nə olacaq? Bu avtomobillərin ustaları, servisləri kifayət edəcəkmi?

resmixeber.az-ın bu və digər suallarını “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev cavablandırıb. O bildirib ki, hazırda ölkəyə rəsmi şəkildə gətirilən Çin istehsalı olan elektrik avtomobillərinin servis xidməti və ustaları var:

“Hazırda servislərdə çalışan ustaların ixtisasartırma prosesi davam edir. Bildiyiniz kimi, elektrik mühərriki ilə təchiz edilmiş avtomobillərin digər daxili yanma mühərriki ilə işləyən avtomobillərdən fərqi çoxdur. Bu avtomobil başdan-ayağa elektronikadır və ustanın kiçik bir səhvi elektrik cərəyanından xəsarət almasına gətirib çıxara bilər. Rəsmi servislərdə ustaların ixtisasartırma işləri sürətlə gedir və ümid edirəm ki, yaxın bir il ərzində onlar müştərilərə yüksək səviyyədə xidmət göstərəcəklər.

O ki qaldı qeyri-rəsmi formada ölkəyə gətirilən avtomobillərə, onların nə servisi var, nə də ustaları. Onlar kor-koranə formada satılır. Amma qeyd etdiyiniz startap üçün avtomobillərin ölkəyə gətirilməsi, yəqin ki, rəsmi avtomobil idxalçısı ilə imzalanacaq müqavilə əsasında olacaq. Bununla da o avtomobillərin ehtiyat hissələrinə olan tələbat və servis problemləri qarşılanacaq”.

Bəs icarəyə götürülən nəqliyyat vasitələrinin təhlükəsizlik məsələsi necə tənzimlənəcək?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, sözügedən layihə üzrə icarəyə veriləcək elektromobillər GPS sistemi vasitəsilə izlənəcək:

“Onlara yalnız bu cür nəzarət mexanizmi təşkil edilə bilər. Düşünürəm ki, elektrik avtomobilləri, ilk növbədə, ekoloji cəhətdən çox faydalıdır. İstənilən halda yeni layihədir, ölkəmiz üçün müsbət haldır. Yeni, ekoloji cəhətdən təmiz avtomobillərin çoxalması yaxşı xəbərdir. Amma mən daha çox sərnişindaşıma fəaliyyətinə yararlı nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın növlərinin artmasını, eləcə də, onlara üstünlük verilməsini gözləyirəm”.

Bu layihənin hazırda mövcud olan avtomobil icarəsindən fərqi nə olacaq? İcarə haqqı hansı meyarlara əsasən hesablanacaq, hansı formada ödəniləcək? İki min elektrik avtomobili respublika yollarında tıxacların artmasına gətirib çıxarmayacaqmı?

Avtomobil üzrə ekspert Eldəniz Cəfərov yeni startap layihəsinin “car sharing” olduğunu diqqətə çatdırıb:

“Bu bir növ avtomobilin paylaşılması deməkdir. Hazırda mövcud olan “rent a car” sistemi isə avtomobilin icarəsini təşkil edir. Hər ikisində bir növ avtomobilin kirayəsidir, lakin tətbiqlər fərqlidir. İki sistemin əsas fərqi budur ki, startap layihəsi çərçivəsində elektrik avtomobilləri şəhərin müxtəlif ərazilərində yerləşdirilir. Vətəndaş kənar müdaxilə olmadan tətbiqdə həmin avtomobil üçün verilən kod vasitəsilə avtomobili icarəyə götürür. Həmin avtomobili müəyyən A məntəqəsindən müvafiq B məntəqəsinə qədər idarə edir. Daha sonra avtomobili B məntəqəsində ayrılan müvafiq yerlərdə saxlayır. Daha sonra bir başqa vətəndaş da eyni qaydada həmin avtomobillərdən istifadə edir.

Bu sistem artıq Avropada və Amerika Birləşmiş Ştatlarında çoxdan tətbiq edilir. Ölkəmizdə isə yeni olacaq. Düşünürəm ki, tətbiqi uğurlu olacaq”.

İki min elektrik avtomobili respublika yollarında tıxacların artmasına gətirib çıxarmayacaqmı?

E.Cəfərov deyir ki, bu maşınların yollarda tıxacları artıracağına inanmır:

“Bu sistemdəki maşın sayı ilkin mərhələdə çox deyil. Düşünmürəm ki, tıxaclara səbəb olsun. Eləcə də, bu layihənin vətəndaşların hərəkət sərbəstliyini artıracağını düşünürəm. Mənfi cəhəti olacağına inanmıram. Xüsusilə də, həmin avtomobillər ekoloji təmiz hesab olunur və öz-özlüyündə müsbət cəhətləri çoxdur. Eləcə də, vətəndaşların nəqliyyat vasitələrinə əlçatanlığını asanlaşdırır, təmin edir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Azərbaycanda minik avtomobillərinin yaş strukturuna görə, bazarda yaşı iki ilə qədər olan minik avtomobillərin payı 2%, iki ildən beş ilə qədər olan minik avtomobillərinin – 3%, beş ildən on ilə qədər olan minik avtomobillərinin isə – 11,9%-dir. Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlar isə aşağıdakılardır:

Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsini stimullaşdıracaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq, ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasını sürətləndirəcək, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq, ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq, avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerjisi doldurucularının və istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üç il müddətinə ƏDV-dən azad edilib. Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minib.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir