“Hərdən xanımlar siqaret çəkmək, söhbət etmək üçün emalatxanaya gəlirlər” – Xalq rəssamı ilə MÜSAHİBƏ + FOTO

Mədəniyyət


“Şöhrət” ordeni ilə təltif olunduğu gün Xalq rəssamı Arif Hüseynova zəng edirəm. Öncə təbriklərimi çatdırır, daha sonra onunla müsahibə etmək istədiyimi bildirirəm. Razılaşır. Növbəti iki günü Şuşada olacağımı deyib, müsahibəni bir neçə gün sonra etməyi xahiş edirəm. Şuşaya getdiyimi biləndə dəstəyin arxasından ürəkdən “Bəh, onda lap gözəl, get yaxşıca gəz, gəl. Şuşanın gəzməli yerləri çoxdur. Bilmirəm haralısan, amma Şuşaya gedib gəldikdən sonra olacaqsan Qarabağlı, söhbətimizi də elə o əhvalla edərik” deyir. Müsahibənin vaxtını danışıb sağollaşırıq.

Rəssam danışdığımız vaxtda emalatxananın önündə bizi qarşılayır. Məni ilk dəfə görməsinə baxmayaraq, “Çoxdandır görünmürsən, əhvalın necədir?” deyir. Bu xoş qarşılanma məndə söhbətimizin də səmimi olacağı təəssüratını yaradır. Yuxarı – emalatxanaya qalxırıq. Öncə otaqları gəzib oradakı rəsmlərlə tanış oluruq. Arif müəllim söhbətə başlayır…

– Bu rəsmdəki qız nəvəmdir. Bizdə adətdir də qız uşağı dünyaya gələn kimi ona cehiz yığmağa başlayırlar. Nəvəm anadan olanda dedim ki, mənim bankda nə hesabım, nə pulum, nə də villam var. Mənim hədiyyəm ancaq o ola bilər ki, 18 yaşına qədər hər il ad günündə onun portretini çəkəcəyəm. İndi nəvəmin 10 yaşı var, 10 ədəd portretini çəkmişəm, qalıb 8-i.

– Baxmayaraq ki, nəvənizin yaşı azdır, ancaq, yəqin ki, bu jestiniz xoşuna gələr…

– Əlbəttə, xoşuna gəlir. Birinci dəfə sərgim olanda dedi ki, mən də rəsm çəkmək istəyirəm. Dedim ki, sən bu işi bilmirsən, necə edəcəksən? Dedi ki, bacaracağam. Çəkdi. İkinci sərgim olanda 10 ədəd əl işini sərgiyə qoydum. Yaxşı işləri var. Ancaq mən məcbur etmirəm ki, o rəssam olsun, böyüsün, özü qərar verər.

Otaqdakı rəsmlərlə bizi tanış edərək hər biri haqqında məlumat verir. Rəsmlərdən bir neçəsinin tələbələrinə aid olduğunu bildirir və tələbələri arasında 5-15 yaşlı uşaqların da olduğunu vurğulayır.

– Uşaqların rəsmlərindən ibarət sərgilər edirəm. Aralarında maraqlı işləri olanlar var. Xoşuma gələn rəsmlərini alıram. Pulunu da verəndə deyirəm ki, get boya al, yoxsa anan gedib konfet alacaq (gülür).

– Dediniz 5-15 yaş arası tələbələriniz var. Azyaşlılarla işləmək çətin olmur ki?

– Burada uşaqlara dərs deyən ayrıca müəllim var. Özü də əla dərs keçir. Mən isə onlara rəhbərlik edirəm. Açığı, dərs demək üçün vaxtım da yoxdur. Amma istedadlı uşaqlar var.

Söhbət edə-edə rəsmlərə baxır, onlardan birinə toxunuram. Digərlərinə də toxunmaq üçün icazə istəyirəm. Deyir ki, olmaz. Ancaq gözünlə baxıb hiss edə bilərsən. Otaqları gəzərkən hər şeyin yerində və səliqəli olması diqqətimi çəkir. Bunu Arif müəllimin özünə də bildirirəm. Deyir ki, hələ ki onun masasını görməmişəm, ona görə bu fikirdəyəm. Rəssamın işlədiyi sözügedən masanın da olduğu otağa keçirik. İş masası dediyi kimi, dağınıqdır. Belə olmasa, işləyə bilməz deyir. Ona ilham verən nüanslardan biri də məhz budur.

– Başqa nələrdən ilham alırsınız?

– Baxır da, xanımlar da olur, bağ da, bağça da…

– Arif müəllim, məndə belə bir təsəvvür var ki, sanki rəssamlar heç qocalmırlar. Səbəb nədir? İlham pərilərinin bu məsələdə rolu var?

– Gəlin, sizə bir əhvalat danışım. Bir dəfə Nizami Kino Mərkəzində “Qarabağnamə” filmimin təqdimat mərasimində çıxış edəndə dedim ki, bu, həm də 80 yaşıma bir hesabatdır. Onda rəhmətlik Qənirə Paşayeva çıxışımı yarıda kəsib “Sənin 80 yox, 40 yaşın var” dedi. Dedim mən razı. Ondan 3 gün sonra Qənirə xanıma məktub ünvanladım, yazdım ki, 40 üstəgəl 40 yaşlı rəssam sizə müraciət edir. Bunu ona görə danışıram ki, əhvali-ruhiyyə böyük şeydir. Hər şeydən əvvəl mən uşaqlarla işləyirəm. Onlarda çox pozitiv enerji var. Nə qanun bilirlər, nə qayda. Uşaqlar azad adamlardır. Birdən deyirəm ki, burada bu rənglə işləmək olmaz, ancaq onların vecinə olmur. Açığı, bu hərəkətləri xoşuma gəlir. Əslində, rəssamların, yaradıcı insanların daxilində yaxşı mənada bir uşaq yatır. Mən insanlardan, xüsusilə uşaqlardan enerji alıram. Sakitlik mənlik deyil.

– İndiyə qədər yarımçıq qalan hansısa işiniz olubmu?

– Heç olmayıb, bu günə qədər hansı işə başlamışamsa, sona çatdırmışam.

– Arif müəllim, bu 80 yaş məsələsinə çox toxunduq. Mənə maraqlıdır, bu yaşda həyat insana hansı rəngdə görünür?

– Bir dəfə mənə sual vermişdilər ki, xoşbəxtlik hansı rəngdədir. Demişdim ki, qara. Gördüm nəsə birtəhər baxdılar. Mən dəzgah və kitab qrafikası ilə məşğulam. Ağ-qara isə qrafikanın predmetidir. Ona görə qara mənim üçün çox yaxşı rəngdir. Bir də ki, hər şey bitdikdən sonra qara əbədi rəngdir. Ondan sonra rəng yoxdur. Amma 80 yaşında həyat şəxsən mənim üçün al-əlvan görünür. Elə oturduğumuz bu otaq kimi…

– Deyirlər ki, son illərdə zəmanə çox qarışıb. Bu qarışıqlıq rənglər aləmində də özünü göstərir?

– Mənim öz rənglərim var. “Qarabağnamə – tarixin səhifələri” virtual sərgi etmişdim. Rənglər ağ və qara idi. Avropa ağ-qaranı, qrafikanı çox yaxşı qəbul edir. Bizdə isə fərqlidir. Biz rəngliliyə meyilliyik.

Bu əsnada fotoqrafımız nəsə axtarırmış kimi o tərəf-bu tərəfə baxır. “Bəlkə, alışqanınız ola, Arif müəllim?” deyir.

– Alışqan da var, siqaret də. Özüm çəkmirəm. Amma, hərdən xanımlar siqaret çəkmək, söhbət etmək üçün emalatxanaya gəlirlər (gülür).

Mən yenidən söhbətə qoşuluram.

– Arif müəllim, deyirlər bu siqareti dərddən çəkirlər, yəqin xanımlar da dərdini danışmağa gəlirlər. Nə danışırlar?

– Eh… ay xanım, onun üçün ayrıca bir müsahibə lazımdır (gülür).

– Çəkdiyiniz qrafikalar göz qabağındadır, bəs, sizin həyat qrafikanız necədir?

– İndi bir əhvalatı da danışacağam, məni biabır edəcəksən (o da, mən də gülürük). Məktəbdə oxuyanda yanımda bir xanım otururdu. Yaxşı qız idi, xoşuma gəlirdi. Sonralar bir rəsmdə onun obrazını yaratmışdım. Adını da Laura qoymuşdum. Həyatımın qrafikası bir az tale məsələlərinə bağlıdır. 1973-cü ildə ailə həyatı qurmuşam. Rəssamlar bir az gec evlənirlər axı. O vaxt bir dostum vardı. Onun anası bağça müdiri idi. Bir dəfə getdim ki, indiki həyat yoldaşım da oradadır. Baxdım ki, vaxt çatıb, evlənməyə onsuz da vaxt tapa bilmirəm, anam da bu yandan deyir ki, evlən. Dedim elə bu qızla evlənə bilərəm. Sözün qısası, evləndim.

– Bəs, Laura sevginiz?

– O heç, o başqa idi.

Yan otaqdan rəssamın köməkçisi səslənir: “İndi bu müsahibəni Sevda xanım (Arif Hüseynovun həyat yoldaşı) oxusa, nə olacaq?”

– Əşi, oxusun da, indi danışmayıb, nə vaxt danışacağam ki?! Nə isə, xanımım kimyaçı idi. Biz rəssamlar bir az başqa ruhdayıq da. O kimyaçı, mən rəssam, dedim bir az danışım görüm sözümüz-söhbətimiz uyğun gəlirmi? O vaxt dedi ki, mənim rəssamlardan xoşum gəlir. Bilmirəm yalan dedi, ya gerçək. Bu sözü xoşuma gəldi. Elə evləndik. O gün bu gündür evliyik. Sənətin qrafikası isə tam başqadır. Oğlum illər əvvəl faciəli şəkildə vəfat edib. Mən bu sənət vasitəsi ilə o kədərli günlərin öhdəsindən gəlmişəm.

– Bir az da sənətdən, mədəniyyətdən, bu sahədə görülən işlərdən danışaq. Son bir neçə ayda ölkədə forumlar keçirildi. Azərbaycan dili və ədəbiyyatı forumu, bir neçə gün öncə Musiqi forumu və s.

– Bilirəm, hamısından xəbərim var. Ancaq mədəniyyətin inkişafı üçün praktiki iş görmək lazımdır. Bəşir Səfəroğlu Özbəkistanda Molla Nəsrəddinlə bağlı film çəkmişdi. Orada bir səhnə var ki, Molla Nəsrəddin uzunqulağın üstündə gəlir. Həmin səhnədə qeyd olunur ki, dövlətə neçəsə ton pambıq verilməlidir. Cavabında deyirlər ki, bəs şüarla pambıq vermək olar? İndi forumla mədəniyyət düzəlir? Forumlarda yaxşı fikirlər səslənir, ancaq onları həyata keçirmək üçün mexanizm yoxdur. Məsələn, elə rəssamlarla bağlı ildə azı bir dəfə sərgi keçirmək olar. Son 30 ildə Azərbaycan İncəsənət Muzeyinin kolleksiyasında çox cüzi bir dəyişiklik edilib. Yəni, 30 ildə Azərbaycanda rəssamlar yetişməyib? Əlbəttə, yetişib. Odur ki, yaxşı işlər alınmalıdır. Mən başa düşürəm, işlər çoxdur. Ancaq mədəniyyət ikinci ordudur. Bəzən bir əsərin və ya hansısa bir filmin elə gücü olur ki, biz təsəvvür belə etmirik. Bilirsiniz ki, mən 2008-ci ildən Prezident təqaüdü alıram. Onda dedim ki, daha gül, alma şəkli çəkib satmayım. Qarabağa aid işlər hazırlamışam, bunları aldığım Prezident təqaüdü hesabına etmişəm. Özümə bununla bağlı sosial sifariş vermişəm. Əgər mən təqaüdü almasaydım, bu işlərin heç birini görə bilməzdim.

– Qarabağla bağlı hazırladığınız əl işlərindən söz düşmüşkən, sizcə, 44 günlük tarixi qələbəmiz son 3 ildə rəssamların işində lazımi şəkildə əks olunubmu?

– 2013-cü ildə Moskvada oğlumla birlikdə sərgi etdik. O vaxt düşünürdüm ki, səhhətim də imkan versə, nəsə bir iş görüm. Elə orada olanda həkim müayinəsindən keçdim. Gördüm ki, hər şey qaydasındadır. Dedim elə mən adam kimiyəm də, gedim başlayım Qarabağla bağlı rəsm çəkməyə. Düz 5 il işlədim, 50 iş hazırladım. 2019-cu ilin fevral ayının 26-da sərgini açdım. Sonra kitab buraxdım. Onda sizin həmkarlar soruşdu ki, bu silsilə rəsmlər nə vaxta qədər davam edəcək. Dedim ki, nə vaxt qələbə qazanacağıq, o vaxta qədər. İş elə gətirdi ki, biz 2020-ci ildə tarixi zəfər qazandıq. Onda da qələbə motivli 5 ədəd plakat hazırladım. Onu da qeyd edim ki, o vaxta qədər Qarabağla bağlı çəkdiklərimin hamısı qara idi. Amma bunları rəngli etdim. Torpaqlarımız azad olunduqdan sonra şərait yarandı Ağdama gedə bildim. Gördüm ki, Ağdam Dövlət Dram Teatrını dağıdıblar, divarları qalıb, məscid də həmçinin, ancaq Şahbulaq qalasına dəyməyiblər. O vaxt ermənilər oradan restoran kimi istifadə etdiyinə görə, dağıtmayıblar. Ağdamdan qayıtdıqdan sonra “Üçlük” hazırladım. Orada həm də məhv edilmiş mədəniyyəti təsvir etdim. Rəsmi də qapqara etdim. Təqdimatını elə teatrın önündə etdik. Zəfərin ehtiva olunmasına gəldikdə isə gənclərə müraciət etmək lazımdır. İndi yaşlılardan kimin potensialı var, çəkir. Yalandan hansısa mövzunun arxasında dayanıb başa düşülməz işlər görürlər. İşlər peşəkar şəkildə görülməlidir. Peşəkarlıq olmayanda çəkilən rəsmlər tamaşaçıya da təsir etmir. Mən 5 il ərzində boş dayanmamışam, axtarmışam, araşdırmışam, müxtəlif adamlarla görüşmüşəm. İşlər də hamısı göz qabağındadır.

– Arif müəllim, 80 yaşlı “Şöhrət” ordenli Xalq rəssamı olmaq bu gün sizə necə hiss etdirir?

– 80 yaşımda “Şöhrət” ordeni ilə təltif olundum. Çox sevindim. Ölkə başçısına verdiyi dəyər üçün təşəkkür edirəm. Ordenlər, adlar hər biri çox gözəldir, amma adam olmasan, hamısı boşdur. Ən əsası isə məhz xalqın rəssamı olmağı bacarmaqdır. Bir neçə gün əvvəl bir nəfər yolda maşını saxlayıb ordenlə təltif olunmağım münasibəti ilə məni təbrik etdi. Bir müddət əvvəl də maşını işə salırdım. Bir uşaq yaxınlaşdı ki, bəs, Arif müəllim, mən sizi tanıyıram. Deyir 8-ci sinif dərsliyində sizdən bəhs olunur. Bütün bunlar məni çox xoşbəxt edir. Ona görə mənim üçün əsas xalqın rəssamı olmaqdır. Bundan yaxşı nə ola bilər ki…

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir