Deputat: “ABŞ-nin törətdiyi fitnə-fəsadlara iblisin özü də qibtə aparır” – RƏY

Siyasət


“ABŞ-nin siyasəti heç zaman səmimi olmayıb və həmişə yalnız Vaşinqtonun öz maraqlarına xidmət edib”.

Bunu resmixeber.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev ABŞ-dən Azərbaycana qarşı ittihamların səsləndirilməsinə cavab olaraq deyib.

Bildirək ki, ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycanı ittiham edib.

O deyib ki, “ABŞ Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə və ya digər vəhşiliklər törətmək üçün qısa və ya uzunmüddətli heç bir hərəkətə və ya səyə dözməyəcək”.

Musa Quliyev xatırladır ki, 1980-ci illərində ABŞ Prezidenti Ronald Reyqan SSRİ-ni şər imperiyası adlandırmışdı.

“Amma SSRİ dağıldıqdan sonra birqütblü beynəlxalq siyasi sistem yarandı və Birləşmiş Ştatlar buna hökm etməyə çalışdı. Sonra məlum oldu ki, əslində, şər imperiyası ABŞ özü imiş. ABŞ-nin törətdiyi fitnə-fəsadlara iblisin özü də qibtə aparır”, – deyə Musa Quliyev əlavə edib.

Deputat bildirib ki, ABŞ 2000-ci illərin əvvəllərindən başlayaraq dünyada özünə tabe olan, sözünə qulaq asan hökumətlər qurmaq üçün gəlişigözəl şüarlardan – demokratiya, insan hüquqları –  istifadə edib.

Musa Quliyev xatırladıb ki, ABŞ dünyada xaosun hökm sürməsinə səbəb olan müxtəlif rənglərdəki inqilabların müəllifidir.

“Hansı ölkələr ki, ABŞ-nin inqilab təlimatlarına tabe olmadılar, oraya müdaxilələr edildi. Öz ölkəsini rifah içərisində yaşadan Liviya lideri Müəmmar Qəddafi bu minvalla qətl edildi. Bu, ABŞ siyasətinin və mənəviyyatının dünyaya nümayişi idi”, – deyə Musa Quliyev sözlərinə əlavə edib.

Millət vəkilinin fikrincə, ABŞ-nin ayağı dəyən yerdə ot bitmir:

“ABŞ-nin hansısa ölkəyə səadət apardığını demək mümkün deyil. Vaşinqtonun siyasətində həmişə qəddarlıq, quldurluq olub. O, başqa ölkələrin sərvətlərini tar-mar edərək, talayaraq özünü zənginləşdirir. ABŞ-nin Ukraynaya münasibətdə siyasətinin səmimi olduğunu düşünənlər də yanılırlar. Rəngli inqilablar aparan ABŞ xalqlar üçün heç bir xeyir verməyib. Gürcüstan da, Moldova da, Ukrayna da ərazi münaqişələri ilə üzləşiblər. Ukrayna artıq ən ağır müharibə girdabındadır və ondan necə çıxacağını da proqnozlaşdırmaq çətindir”.

Musa Quliyev qeyd edib ki, ABŞ Ukraynadakı müharibəni uzatmaqla öz gücünü Rusiya sərhədlərinə gətirib çıxarmaq istəyir. Ukraynadakı müharibə ilə Azərbaycan-Ermənistan münasibətlərinə fərqli münasibət bəsləyən ABŞ-nin maraqlarını şərh edən deputat bildirib ki, Vaşinqton ədalətli davranmır.

“ABŞ ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu dövrdə bircə dəfə də ədalətli mövqe sərgiləmədi, Ermənistanı dəstəklədi. Buna görə də ABŞ-dən ədalətli mövqe gözləmək sadəlövhlükdən başqa bir şey deyil. ABŞ getdikcə güclənən Türkiyəni çökdürməkdən ötrü müxtəlif üsullardan, o cümlədən özünün yaratdığı FETÖ terrorçu təşkilatından istifadə edir. ABŞ-nin müsəlman-türk dövlətlərinə səmimi münasibəti yoxdur. Biz ABŞ-də Azərbaycanla Ermənistan arasında keçirilən görüşlərdən sonra belə düşündük ki, Vaşinqton haqqın yoluna gəlir. Belə bildik ki, ABŞ Azərbaycan-Ermənistan mübahisələrinə son qoyub bölgədə ədalətli sülh yaratmaq üçün töhfəsini vermək istəyir. ABŞ-də verilən qərara görə, sentyabrın 1-də həm Laçın yolu, həm də Ağdam-Xankəndi yolu açılmalı idi. Amma ABŞ buna mane oldu. Bu, təkcə ABŞ-dəki ermənipərəst qüvvələrin, erməni lobbisinin işi ilə bağlı məsələ deyildi. Bu, həm də Amerika dövlətinin ikiüzlü siyasətinə bağlı məsələdir.

ABŞ həzm edə bilmir, sual edir ki, necə Azərbaycan 44 günə işğalda olan ərazilərini azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi və regionda yeni reallıqlar yaratdı?”

Musa Quliyev sonda deyib ki, ABŞ-nin marağı Cənubi Qafqazda qalmaq və milyarder Corc Sorosun dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanı mühafizə etməkdir.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir