Dağların o tərəfində FHN-in cəsur minatəmizləyənləri: Xankəndidə görüşmək ümidi ilə – REPORTAJ + FOTO

HƏRBİ


Sübh tezdən, alatoranlıqda yola düşürük. İstiqamət Ağdamdır. Səfərin məqsədi Fövqəladə Hallar Nazirliyinin Mərzili kəndindəki minatəmizləmə əməliyyatı ilə tanış olmaqdır.

İndiyədək Ağdamda bir neçə dəfə olmuşam. Bilirəm ki, təxminən beş saatlıq yolumuz var. Odur ki, ilk dəqiqələrdən etibarən gözümü yumur, yatmağa çalışıram. Əks halda vaxt keçməz. Uzun yola dözmək xüsusilə səbirsiz insanlar üçün çox çətindir. Di gəl, bu cür səfərlər jurnalistlər üçün, demək olar, gündəlik həyat tərzidir. Ən azından, vəzifə borcudur.

Həm də söhbət Qarabağla, otuz il həsrətində olduğumuz torpaqlarla növbəti dəfə görüşdən gedirsə, deməli, qalan hər şey ikinci, bəlkə də, üçüncü dərəcəlidir.

…Bir də gözümü açıram ki, avtobus dayanıb, həmkarlar maşını tərk edirlər. Media nümayəndələrinin yaxşı tanıdığı, səfərlər zamanı bir çox hallarda məhz burada fasilə verib istirahət etdikləri kafelərdən birinə giririk. Səhər yeməyi yeyirik. Təxminən yarım saatdan sonra yenidən yolumuza davam edirik.

Avtobusda FHN-in iki əməkdaşı var. Xidməti ratsiyaları, yəni rabitə qurğuları açıqdır. Aradabir xışıltı səsinin müşayiəti ilə danışıq eşidilir, ayrı-ayrı qruplar bir-biri ilə əlaqə saxlayır, baş vermiş hadisə barədə məlumat ötürürlər. Avtobusdakı həmkarlarım kimi, mən də istər-istəməz son olayları ilk eşidənlərdən oluram.

Nazirliyin əlaqələndirici əməkdaşı bizə proqram barədə məlumat verir. Onun sözlərinə görə, ərazidə oraların minalardan təmizlənməsi əməliyyatı ilə tanış olmaqla yanaşı, həm də rəsmi şəxslərlə müsahibələrə şərait yaradılacaq. Bu, bizim üçün tapıntı olur. Çünki özəl açıqlama imkanı media işçilərini, adətən, sevindirir. Elə maşındaca suallar barədə düşünürəm. Hətta telefonumun “qeyd dəftərçəsində” cızma-qara edirəm. Həm də vaxtın daha sürətli keçəcəyini düşünürəm.

Saat 9-10 arası Bərdəyə çatırıq. Şəhər mərkəzindən keçəndə yoldaşlardan biri soruşur: “Yadınızdadır, ermənilər Vətən müharibəsi vaxtı buranı vurmuşdular?” Hamı bir ağızdan “hə” deyir. Heç elə hadisə yaddan çıxar? Bu, Ermənistanın qorxaq, mənfur, riyakar siyasətinin növbəti təzahürü idi. Amma yeganə deyildi.

Erməni vandalizminin pik həddi – mina terroru

Ermənilərin namərdliyinin ən ciddi sübutlarından biri onların həyata keçirdiyi mina terrorudur. Belə ki, düşmən işğal dövründə Azərbaycan ərazilərini durmadan minalayıb. Bununla qarşı tərəf Qarabağın, əslində, Ermənistana heç bir aidiyyəti olmadığını və nə vaxtsa Azərbaycanın onu qaytaracağına inamını ifadə edib. Axı kim öz torpağını minalayar?

Rəsmi məlumata görə, 300-ə yaxın Azərbaycan vətəndaşı İkinci Qarabağ müharibəsindən sonra davam edən mina terrorunun qurbanı olub. Təəssüf ki, bu rəqəmin gələcəkdə artacağı istisna deyil. Çünki ermənilər minaları basdırarkən bütün hiylələrdən istifadə ediblər. Bu günlərdə Qərb mediasında dərc olunan bir məqalədə oxumuşdum ki, ermənilər partlayıcı maddələri uşaq oyuncaqlarında da gizlədirdilər. Fikrimcə, bu, vandalizmin pik həddidir.

Vətən müharibəsi başa çatandan Azərbaycanın qarşısına qoyduğu əsas vəzifələrdən biri də məhz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. İndiyədək 18 faizdən çox ərazi minalardan təmizlənib. Proses bu gün də sürətlə davam etməkdədir.

Bizi Ağdamda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri, polkovnik Vüqar Məhərrəmov qarşılayır. Yorğun olduğu hiss edilir. Gün üzünü yandırıb. Danışıqlardan belə başa düşürəm ki, iki həftədir, evinə getmir.

Səmimiyyətlə hal-əhval tutur. Çay təklif edir. Biz çay içənə kimi o da şəxsi heyətə lazımi tapşırıqları verir. Komandiri kənardan müşahidə edirəm. Olduqca zəhmli təsir bağışlasa da, çox güclü yumor hissi var. Məncə, psixologiyanı yaxşı bilir. Əks halda tabeliyindəki şəxsi heyətlə ünsiyyəti bu qədər uğurlu alınmazdı.

Deyilənə görə, Vüqar Məhərrəmov ABŞ-də təhsil alıb. FHN-in ən peşəkar zabitlərindəndir. Mediatur iştirakçılarından biri onu Vətən müharibəsinin qəhrəmanlarından olan polkovnik Tehran Mənsimovla müqayisə edir.

Düşmən əraziləri minalayarkən heç bir standart qaydaları qoruyub-saxlamayıb

10-15 dəqiqəyə çay içdikdən sonra bizə əvvəlcə təhlükəsizlik qaydaları barədə məlumat verilir. Ardınca döyüş tapşırığı icra edilən əraziyə gedirik. Müsahibələr başlayır. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Hərbi Hissəsinin bölük komandiri baş leytenant Salman Sarıyev deyir ki, düşmən əraziləri minalayarkən heç bir standart qaydaları qoruyub-saxlamayıb:

“Buna baxmayaraq, ərazilərin təmizlənməsi ciddi şəkildə davam etdirilir. Əraziləri təmizləyərkən istehkamçılarla bərabər, xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. Bu itlər ərazilərin çirklilik dərəcəsi yüksək olduğundan partlamamış hərbi sursatların və minaların aşkarlanmasında bizə köməklik edirlər. Əməkdaşlarımız müasir avadanlıqlarla təchiz edilirlər, onlar beynəlxalq kurslardan keçiblər”.

Baş leytenantın dediklərindən belə məlum olur ki, düşmən əraziləri minalayarkən nəinki namərdliyini, nifrətini, kinini də ortaya qoyub. Amma müvafiq qurumlar üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirərək insan itkisinin qarşını almağa çalışırlar.

S.Sarıyev bildirir ki, ərazilərdə daha çox piyada və tank əleyhinə, eləcə də “OZM-72”, “TM-57”, “TM-62M” minaları aşkarlanıb.

FHN-in baş leytenantı Real Tağızadə isə qeyd edir ki, “GCS-200” markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar tiller və filler başlıqlı iki hissədən ibarətdir.

İtlər və robotlar ərazilərin təmizlənməsində mühüm rol oynayırlar

O söyləyir ki, bu robotlardan, əsasən, ərazidə kəşfiyyat işlərinin aparılması üçün istifadə edilir:

“Şəxsi heyətin ərazini tez bir zamanda təmizləməsində sözügedən texnikalar mühüm rol oynayır. Tiller başlığı, əsasən, daha yumşaq, filler başlığı isə kol-koslu ərazilərin təmizlənməsində, mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün istifadə olunur. Hazırda ərazidə hər iki başlıqdan istifadə olunur”.

Yəni ərazilərin minalardan təmizlənməsi üçün təkcə şəxsi heyət və itlərdən deyil, həm də robotlardan istifadə olunur. Bu isə ümumi işin daha keyfiyyətli alınmasına səbəb olur.

V.Məhərrəmov jurnalistlərlə söhbət zamanı söyləyir ki, ərazilərin minalardan təmizlənməsinin başqa üsulları da var. Bunun üçün təkcə itlərdən deyil, digər heyvanlardan da istifadə olunur.

Ərazidə robotların işi ilə yaxından tanış oluruq. Məlum olur ki, bu texnikaların əsas vəzifəsi minaların yerini müəyyənləşdirməkdir. Minaların yeri müəyyənləşəndən sonra şəxsi heyət işə başlayır.

Hava çox istidir. Demək olar, gəzmək mümkün deyil. Günəş düz başımıza vurur. Komandir bizə təsəlli verməyə çalışır: “Bu nədir ki? Bir-iki gün əvvəl lap isti idi…”

Çətin olduğu qədər də şərəfli, təqdirediləsi iş

Gözüm ayaqqabıma sataşır. Toz içindədir. Fikirləşirəm ki, ilk fürsətdə təmizləmək lazımdır. Sonra öz-özümə düşünürəm, cəmi yarım saata ayaqqabım toza batdı, artıq istidən şikayətlənirəm, FHN əməkdaşları isə hər gün burada işləyirlər. Səhərdən axşama kimi xüsusi geyimdə olur, ağır alətlərlə işləyirlər. Doğrudan da, çətindir. Çətin olduğu qədər də şərəfli, təqdirediləsidir. Cənab polkovnikin bayaqdan bəri bir neçə dəfə dediyi kimi, təki Vətən sağ olsun.

Lazım olsa, bir otuz il də ərazilərin minalardan təmizlənməsinə dözərik

Partlamamış hərbi sursatlar olan əraziyə gedirik. Müxtəlif tip minalar və sursatlar var. Məlum olur ki, Vətən müharibəsindən üç il keçməsinə rəğmən, hələ də müxtəlif dərinliklərdə partlamamış raket qalıqlarına rast gəlinir. Ümumiyyətlə, deyilənlərdən belə məlum olur ki, bütün ərazilərin minalardan təmizlənməsi üçün ən azı 20 il vaxt lazımdır. Hər yer qarış-qarış gəzilməlidir. Yəni görüləsi iş hələ çoxdur. Əlbəttə, səbir edərik. Otuz il dözmüşük. Lazım olsa, bir otuz il də ərazilərin minalardan təmizlənməsinə dözərik.

Ermənilərlə aramızda məsafə o qədər də çox deyil. Komandir qarşıdakı, gözlə aydın görünən dağları göstərir və “orada ermənilər var” deyir. Xüsusi cihazlarla bizi görürlərmi, bilmirəm. Amma buna əminəm: Ermənistan və qondarma rejim tarixi təcrübədən dərs çıxarmasalar, bu, onların ziyanına olacaq. Bölgədə süni gərginlik yaratmaqla ancaq öz işlərini çətinləşdirəcəklər. Düşmən unutmamalıdır ki, daha onların qarşısında 30 il əvvəlki Azərbaycan yoxdur.

…Çay içə-içə telefonumda son xəbərləri oxuyuram. Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub. Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bununla da son üç gün ərzində “Laçın” sərhəd-buraxılış məntəqəsində 200-dən çox insanın sərbəst keçidinə şərait yaradılıb.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Başqa bir xəbərdə isə yazılıb ki, sərhəd-keçid məntəqəsindən keçən bir erməni azərbaycanlı jurnalistlərə açıqlamasında hər şeyin qəşəng olduğunu deyib. Özü də Azərbaycan dilində. Onun Azərbaycan dilində danışması reinteqrasiya prosesinin gec-tez baş tutacağına şübhə yeri qoymur.

Əlbəttə, hər şey qəşəngdir. Daha da qəşəng olacaq.

Şəxsi heyətdən ayrılıb avtobusa minirik. Komandirlə əl tutub sağollaşıram. “Tez-tez gəlin” deyir. Təbəssümlə cavab verirəm:

“Oldu, cənab polkovnik”. Ürəyimdə isə düşünürəm ki, bəlkə də, nə vaxtsa, ola bilsin, yaxın gələcəkdə dağların o tərəfində, o cümlədən Xankəndidə də görüşərik…

“resmixeber.az” İnformasiya Agentliyi

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir